Hər dəfə özümünkü, doğma saydığım bu saytda bu və ya digər məsələ ilə bağlı şərh verdikdən, münasibət bildirdikdən, məni düşündürən, narahat edən məqamlarla bağlı yazı yazdıqdan dərhal sonra eyni mənzərə ilə üzləşirəm. Adlarını dəqiq bildiyim, amma onların konkret kim olduğunu yazıb şərəfləndirmək istəmədiyim “ştatnı” “şərhçilər” ordusu üstüməyə gəlməyə , haqqımda hədyanlar söyləməyə , bir növ öz tərbiyələrinə uyğun “şərhlər” yazmağa, “ittihamlar” səsləndirməyə girişir, sanki əvvəlcədən sözləşiblərmiş kimi ardı-ardına növbəyə düzülürlər. Elə bil ki, bu “şücaətlərinə” görə kimsə onların yaxasından nəsə asacaq.
Dünən də elə bu saytda böyük Ustad, əsl Ziyalı olan Şirməmməd Hüseynovla bağlı bir-iki cümləlik ürək sözlərimi ifadə etmişdim. Bunun mürəkkəbi quruyar-qurumaz dərhal həmin “ştatnik”lərdən olan və “citizen journalist” imzası altında gizlənən bir “qəhrəman” mənə qarşı kin-küdurətini, nifrətini yağdırıb, ağzına gələnləri düzüb-qoşub. Doğrusu, ilk əvvəl buna cavab yazmaq istəmədim, çünki özümə söz vermişdim ki, belələrinə baş qoşmayacam. Ancaq sonradan belə qərara gəldim ki, bunlara cavab vermədikcə çızıqlarından cox çıxırlar, qarşılarındakını sanki özləri kimi aciz hesab edirlər...
Nə isə, mətləbə keçərək həmin “hörmətli” “anqloyazıçnıy vətəndaş”a demək istəyirəm ki,əvvəla, mən hər zaman öz adım-soyadımla yazmışam ,öz imzamla bu və ya digər məsələlərə münasibət bildirmişəm. Heç kimdən , heç nədən çəkinmədən və heç bir vaxt da nədəsə alt niyyət güdmədən -səhv, yaxud, düz- öz mövqeyimi ortaya qoymuşam. Onun-bunun kimi başqalarının çətiri altında gizlənməmişəm, kiminsə qoltuğu altına sığınmamışam , kiminsə sözdaşıyanı , əlaltısı, muzduru olmamışam. Hər zaman öz halal zəhmətimlə , namusum və şərəfimlə dolanmışam və bundan sonra da bu, məhz belə olacaq. Heç kimsənin də- Allahıma şükürlər olsun- qarşısında gözükölgəli , diligödək deyiləm . İnsan etdiyin deməz, amma bəzilərinin - özünü pula, bir "rumka" arağa satanların nəzərinə çatdırmaq istəyirəm ki, mənə bir hörmət edənə on dəfə artıq hörmət etmişəm, yaxud, etməyə çalışmışam. Özü də heç bir vəzifəm, varım-dövlətim , arxa-dayağım , day-dayım olmadan! Mənə də hörmət edənlər , sözümü yerə salmayanlar məhz gözütox, nəfsimə hakim, heç kəsin qarşısında əzilən-büzülən olmadığıma görə bunu ediblər, edirlər. Eyni zamanda, mənim arxa-dayağım hər zaman sığındığım , şükranlıq etdiyim Uca Rəbbim, gözəl Allahım, bir də ailəm olub!
Mənim adını çəkdiyin jurnalist həmkarlarıma da şəxsən heç bir iradım, etirazım yoxdur, bəzilərini şəxsən yaxından, bəzilərini də kənardan tanıyıram. Hətta, bəziləri ilə eyni dövrdə jurnalistika fakültəsində oxumuş , bəyənmədiyin-hansı ki, sənin kimilərin buna zərrə qədər haqqı yoxdur - Şirməmməd müəllimin-böyük Şəxsiyyətin tələbələri olmuşuq.
Bir də vallah –billah , Şimali Azərbaycanımız ərazicə kiçik bir dövlətdir, heç dağa-daşa da düşməyə dəyməz, burada kimin-kim olduğunu, hansı məshəbə qulluq etdiyini, kimin bir gün yap-çı, bir gün cəbhəçi, bir gün müsavatçı , bir gün elçibəyçi, bir gün mütəllibovçu, bir gün əliyevçi, bir gün liberal, bir gün millətçi, bir gün sosial- demokrat, bir gün islamçı, nə bilim daha nəçi-nəmənəçi və sair, olduğunu da hamı yaxşı bilir. Mən, kimsə vəzifədə olanda əli onun ətəyində olanlardan , həmin şəxs vəzifədən gedəndə isə əlini ondan çəkib indi də başqasının cibinə salanlardan olmamışam və olmaram da. Bununla belə , əgər mən kiminsə yanında zərrə qədər çəkinəcəkli, yaxud ,təmənallı olsaydım, bu şəhərdən çox-çox uzaqda, suyu, qazı olmayan, işığı günlərlə sönən və sair, bir yerdə-Qobuda yaşamazdım, çoxları kimi Bakının göbəyində, rahat, təminatlı mənzidə yaşayar, lüks arabada gəzər, aylıq məvacibimin 80 faizini banklara ödəmək zorunda qalmazdım. Çünki mən çətin, lakin şərəfli yolu seçənlərdənəm,həm də mən jurnalistikaya-siyasətə dünən-bu gün gələnlərdən deyiləm. Sən və sənin kimilər də heç narahat olmasınlar , mən özümü hələ 90-ci illərin əvvəllərindən öz əməyimlə, zəhmətimlə, şərəfimlə təsdiq etmişəm.
Həmçinin, bir qədər diqqətli "araşdırmaçı" olsaydın, heç zəhmət çəkib uzağa getməzdin, elə bu sayta- son parlament seçkilərinin səhərisi günü verdiyimi şərhi oxuyar və bir daha dərk edərdin ki, mən kiməm, özünə ideal, kumir və ya nə bilim nə seçdiklərin kimdir.
Millət vəkili olan bəzi xanımlarla bağlı yazılarıma gəlincə, hər zaman o yazıların altından təkrar-təkrar imza atmağa hazıram. Çünki bu xanımlar- Gültəkin xanım da, Rəbiyyət xanım da, Qənirə xanım da, Zeynəb xanım da və sair, buna və bundan daha artığına layiqdirlər. Mən onların hər biri ilə fəxr edir, qürur duyuram. Onlar sizinkimilərə deyil, məhz Azərbaycanımıza, millətimizə lazımdırlar və onları qorumaq təmənnasız, ləyaqətli insanların borcudur. Görünür, sizi və sizin kimiləri yandıran, qıcıqlandıran sadəcə, odur ki, niyə onların ətrafında sizlər deyil, məhz mən varam. Sizləri gecə-gündüz rahat yatmağa qoymayan da məhz budur. Həmin xanımlar və digər ləyaqətli siyasətçilər də bilirlər ki, onların ətrafında məhz kimlər olmalıdır. Sizin kimilərin yeri ancaq və ancaq rəzalət , şərəfsizlik girdabıdır. Allah sizləri həmin girdabda mutlu-məsud etsin.
Şirməmməd müəllimə gəldikdə isə, hər zaman o mənim üçün Zirzə olacaq və onun təkcə dahi öndər Məhəmməd Əmin Rəsulzadə ilə bağlı yaradıçılğı elə bütün sualların birmənalı, yek və net cavabıdır...
Allah bizlərə cansağlığı versin, sizlərinsə keçilməyəcək günahlarınızı bağışlasın . Amin!