Modern.az

Avropa çempionu Cəbrayıl Həsənov: “Yalan deyə bilmərəm, orta məktəbdə oxumamışam”(MÜSAHİBƏ)

Avropa çempionu Cəbrayıl Həsənov: “Yalan deyə bilmərəm, orta məktəbdə oxumamışam”(MÜSAHİBƏ)

Ölkə

15 Dekabr 2011, 11:25

Cəbrayıl Həsənov güləş üzrə 66 kq çəkidə dünya çempionatının bürünc mükafatçısı (2010), ikiqat Avropa çempionu (2010, 2011) və gümüş mükafatçısıdır (2009). Modern.az onunla müsahibəni təqdim edir.

- İdman növləri arasından niyə məhz güləşi seçdiniz?

-Uşaq vaxtı biz futbola da gedirdik. Düzdür, futbolu da çox sevirəm. Sadəcə, nədənsə sərbəst güləşi seçdim, o idmana getdim. Gənc yaşlarından da Bakıya gəlib, məşqlərimi burada davam etdirdim. Ona görə nəticələr də oldu.

- Bəs ailədən sizi bu yöndə istiqamətləndirən oldumu?

- Atam futbola o qədər də qoymurdu, çox istəyirdi ki, güləşə gedim. Ona görə məni güləşə getməyə həvəsləndirirdi. Mən də həvəsləndim, güləşi seçdim.

- Güləşdəki qəbələriniz qismətdən, yoxsa hazırlıqdan asılıdır?

- Hər ikisindən asılıdır. Zəif olarsan, uduzarsan o hazırlıqdandır. Güclü ola-ola uduza bilərsən ki, orada qismət rol oynayır. Belə götürəndə hazırlıqdan çox şey asılıdır. Yarışa gərək hazır olasan.

- Yeni başlayanda hansı çətinlikləriniz olurdu?

- Yeniyetmələr arasında yarışlarda uduzanda sıxıntılar olurdu. Fikirləşirdin ki, alınmır. Gərək məşqlərdə yaxşı hazırlaşasan ki, yaxşı da çıxış eləyəsən.

- Məğlub olduğunuz zaman kimi günahlandırmısınız, hakimi, rəqib tərəfi, yoxsa özünüzü?

- Özümü günahlandırıram. Həmişə uduzanda demişəm ki, özümdə səhv oldu, gələn yarışlara bundan da yaxşı hazırlaşım ki, rəqiblərimə qalib gəlim.

- Ən yaddaqalan görüşünüz hansı olub?

- Bakıda keçirilən Avropa Çempionatı olub. Bizim cənab prezident də həmin  görüşə baxmağa gəlmişdi. Finala çıxmışdım, çox məsuliyyət daşıyırdım. O Avropa Çempionatı çox yadda qaldı.

- Azərbaycan bayrağını qaldırarkən hansı hissləri keçirirsiniz?

- Əlbəttə, bütün idmançıların, bütün azərbaycanlıların borcudur ki, Azərbaycanın bayrağını qaldırsın. Biz də yarışa gedəndə həmişə onu fikirləşirik ki, çempion olub Azərbaycan bayrağını qaldıraq, vətənimizi sevindirək.

- Qələbə sevincini ilk kiminlə paylaşırsınız?

- Müəllimim Aslan Ağayevla paylaşıram. Məşqimi də o keçir, yarışda da yanımda olur, yəni hər şeyimi o elədiyinə görə birinci onunla paylaşıram.

- Aslan Ağayevla tanışlığınız necə olub?

- Bakıya gəldiyim müddətdə o, mənim məşqlərimə, yarışlarıma baxıb bəyənmişdi.  Yığma komandaya çağırdı. Ondan sonra da müəllimim oldu.

- Püşkün yarışın nəticəsinə təsiri varmı?

- Yox, hazır olanda onun fərqi yoxdur. Hardasa da olur.  Zəiflər düşəndə 2 nəfər güclü udursan, 2 nəfər zəif udursan. Bir az asan olur. Belə də olur ki, püşk atmada 4 nəfər güclüylə birdən düşürsən, artıq yorulursan. Buna görə kimdəsə uduza bilərsən. Yəni o da ola bilər.

- Elə bir rəqibiniz olub ki, yarışın nəticəsindən asılı olmayaraq fikirləşmisiniz ki,  o da yaxşı güləşir?

- Hə, elə çox olub. Misal üçün, mən 2009-cu ildə Avropa çempionatında finalda Andrey Stadniklə görüşdə bilirdim ki, güclü rəqibdir. Baxmayaraq gənc idim, düşünürdüm ki, udmaq, Azərbaycana qızıl medal aparmaq lazımdır. Uduzdum, amma yenə istəyirdim ki, başqa yarışlarda onunla üz-üzə gəlim. Hələ gəlməmişəm, inşaallah Olimpiadada gələrəm.

- İstanbulda keçirilən dünya çempionatından sonra görüşdən narazı qaldığınızı bildirmisiniz.

- Mən ora dünya çempionu olmağa getmişdim. Keçən il də məğlub olub 3-cü yerlə kifayətləndim. Elə fikirləşirdim ki, bu il dünya çempionu olacağam. Müəllimlərimiz də ümidli idilər. Hazırlıq barəsində nədənsə səhvim oldu. Həm də özümə çox inandım. Ona görə boşluq oldu. Arxayınçılıq çox oldu.

- Məğlub olduğunuz zaman ətrafınız buna necə münasibət bəsləyir?

- Elə idmançı yoxdur ki, uduzmasın. İstənilən idmançının qələbəsi də olur, məğlubiyyəti də. Birinci mənim özümdən çox Aslan müəllim məğlubiyyətimə görə çox pis olur. Sonra da evdəkilər.

- Qadınların idmanla məşğul olmağına necə baxırsınız?

- Qadınlardan da idmanla məşğul olanlar var.  Uğur da qazanırlar. Bizim elə Sona Əhmədli kimi idmançılarımız var. Avropa çempionu oldu, dünya ikincisi olub, dünya üçüncüsü olub. Normal baxıram.

- Hobbiniz nədir?

- Dostlarımla çay içmək, futbol oynamaq.  Əsas futbol oynamaqdır. Futbolu sevirəm.

- Gün ərzində məşqə ayırdığınız vaxt nə qədərdir?

-  Məşq toplanışları olanda  5-6 saat məşqə sərf olunur.

- Dostlarınızın sırasında idmançılar üstünlük təşkil eləyir, yoxsa digər peşə sahibləri?

- İdmançılar da var, digərləri də. Çox vaxt Əşrəf Əliyevlə, Ağahüseyn Mustafayevlə vaxt keçiririk. Əşrəf Əliyev də Olimpiadaya lisenziya alıb. Uşaqlıqdan bir yerdəyik, bir məktəbdə də oxumuşuq. Ağahüseyn Mustafayevlə də bir məktəbdə oxumuşuq. Kənar dostlarım da var.

- Orta məktəbdə necə bir şagird olmusunuz?

- Yalan deyə bilmərəm, orta məktəbdə oxumamışam. 8-9-cu siniflərdən dərslərə getməmişəm, məşq toplanışlarında olmuşam.

- Bu səviyyəyə çatmaqda kimə borclusunuz?

- Əlbəttə, birinci ailəmə, ikinci də müəllimimə borcluyam. Evdəkilər məni bu idmana yönəldib, müəlimim də məşq keçib bu səviyyəyə qaldırıb.

- Hakimdən narazı qaldığınız görüşlər olub?

- Hakimlərdən narazılıq çox vaxt olur. Avropa çempionatında da, Azərbaycan yarışlarında da olur.

- Bu peşəni seçən gənclərə nə məsləhət verərdiniz?

- Gənclərə demək istəyirəm ki, bu idmanı seçirlərsə, gəlib vaxtlarını keçirməsinlər, yaxşı məşqlər etsinlər, yalandan gəldim-getdim eləməsinlər. Yaxşı məşq etsinlər ki, yuxarı pillələrə qalxsınlar.

- Arzularınız nədir?

- Əvvəla Olimpiadada qalib olmaq, sonra isə dünya çempionu olmaq. Gənclər üzrə dünya çempionu olmuşam. Böyüklərdə də olmaq istəyirəm. Qismət olsa, inşallah olaram.

Misranə Həsənzadə
BDU-nun tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı