Modern.az

Al molla, bu da sizə cavab

Al molla, bu da sizə cavab

Ölkə

5 İyun 2012, 12:19

İranlı həkimlər necə deportasiya olundu...

Əvvəl özləri başladı: İki azərbaycanlı gənc yazarı öz ölkələrində yoxa çıxardılar... Sonra 5-6 qara saqqallıya az miqdarda ərzaq payı verib Azərbaycanın Təbrizimizdəki konsulluğunun (İran paytaxtımızın mərkəzində yerləşdiyi binanın önünə  “İran İslam Respublikasının Bakıdakı səfirliyinin binası” yazırsa, niyə də biz Təbrizimiz yazmayaq – L.S.) qarşısına çıxardaraq baş verməyəcək və heç özlərinin də anlamadıqları nəyəsə etiraz aksiyası təşkil etdirdilər. Guya ki, Azərbaycan İslamı dəyərlərdən geri çəkilir,  “Avroviziya-2012” mahnı müsabiqəsi zamanı Bakıda gey-parad keçiriləcəkmiş kimi ölkəmiz əleyhinə kampaniyaya start verdi.

Bundan sonra başı əmmaməli molla 1000-ə yaxın qara çarşablı, ağzı yaşmağlı qadını cümə namazında məscidə toplayıb geyliyin, maviliyin  nə demək olduğunu moizələdi. Bu azmış kimi, şeytansifət birinin çiyninə videokamera, əlinə mikrafon verib yollayırlar Bakı küçələrinə ki, gördüyü hər şeyi əksinə şərh edib xəbərləsin. Bu təxribatçı, mənəviyyatsız, əxlaqsız adam da modern geyimli qızlarımızın ayaqlarına baxa-baxa gördüklərini özlərinə məxsus baş-ayaq verməklə ölkəmiz barədə iyrənc məlumatlar yaydı...
Bu da işlərinə yaramır və başlayırlar sarsaqlamağa ki guya İran mollalarından qorxaraq Azərbaycan gey-parad keçirə bilmədi. Ən sonda isə daha da irəli gedərək şeytanı əməllərini işə salmaqla iki ölkə arasında sərhəd-keçid məntəqəsini bağlayırlar. ...Tanışlarımdan biri deyir ki həmin ərəfədə İranın Məşhəd şəhərinə getmək istəyiblər. Amma İran sərhədçiləri heç bir açıqlama vermədən onları sərhəddən buraxmayaraq geri qaytarıblar. Bir onu deyiblər ki, sərhədləri bağlayırıq, molla ağalarımızdan tapşırıq gəlib.

Azərbaycanda məşhur bir atalar sözü var: balıq başdan iylənər. Biz də ata-babaların kəlamını uca tutmalı olduq. Yəni bizi elə bir addım atmağa məcbur etdilər ki, el şairi, Moşu Göyəzənlinin xanımı Söylü demiş, qabağımızda mıkk edə bilməsinlər. Əvvəl, yəni mayın 28-də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Bakıdakı mədəni işlər üzrə ofisinin rəhbəri Höccətislam Məhəmməd Hadi Fəridi Əsr ölkəsindən dönərkən Bakı Hava limanından geri qaytarılır. Daha sonra orda bizi söyən  mollaların bura gəlib pul qazanıb cibimizi soyan həkimlərini ölkədən çıxarmaq qərara alınır. 31 may tarixində başına döndüyüm Dövlət Miqrasiya Xidməti polis əməkdaşlarıyla birgə günün günorta çağı özəl tibbi klinikalarda çalışan iranlı həkim ovuna çıxıblar. Burda çalışmağa icazələri olsa da, olmasa da hamısını ölkədən deportasiya ediblər. Klinikalardan birində çalışan türkiyəli cərrahlardan biri deyir ki, əməliyyat zamanı xaricdən gələn həkimləri əməliyyat otağından çıxarıblar. Tibbi maskalarını soyunduraraq əvvəl özlərini, sonra da şəxsiyyət vəsiqələrini yoxlayıb yenidən əməliyyat otağına buraxıblar.  Ölkəmizə yeni gələn və həkim köməkçisi çalışan türkiyəli biri baş verənləri anlamayaraq, üstü-başı qan içində qorxaraq klinikanın arxa qapısından qaçmağa çalışıb. Köməkçini saxlayıb başa salıblar ki, abi, qorxmağa və qaçmağa ehtiyac yoxdur, onlar başqasını axtarır...

Bax belə...

Əminəm ki biz bunu istəmirdik. Amma hər şeyin bir səbri, atılan addımın da həddi var, deyilmi? Cənub qonşularımız 1 aydan çox iyrənc əməllərini, təxribat xarakterli bəyanatlarını verməkdən yorulmadılar. Nəticə isə buna gətirib çıxardı. Xoşagəlməz olay olsa da, qonşuların son davranışlarına cavab olan bizimkilərin bu addımını əslində mən ikiəlli alqışlayıram...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı