Bu yazını yazmaqda məqsədim həmkarım, qələminə hörmət etdiyim Aynur Elgünəşə dəstək olmaq, onun qaldırdığı məsələni bir daha gündəmə gətirməkdir. Bir müddət əvvəl Aynur səhiyyə naziri Oqtay Şirəliyevə açıq məktub yazmışdı. Məktubunda səhiyyədəki bir çox problemlər barədə nazirə məlumat vermiş, şikayət etmişdi. Onun yazdıqları ilə yüzdə-yüz razıyam. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidən cavab gözləməyin mənasız iş olduğundan tutmuş, adı pulsuz, özü isə ikiqat baha olan səhiyyə xidmətlərinə qədər bütün detallarda jurnalistlə həmrəyəm.
Aynur bu məsələdə bircə məqamı yazmayıb. O da getdikcə Azərbaycanda pulsuz xidmətin pulludan da baha olması məsələsidir. Məsələn, Aynur yazır ki, M.Nağıyev adına Klinik Xəstəxananın doğum şöbəsində qiymətlər at oynadır. İçəri girmək 3 manat, USM-dən keçmək 20 manat, xəstələrə nəsə göndərmək 1-2 manatdır. Mən əlavə edə bilərəm - burda bir neçə manatın müqabilində yeni ana olmuş qadınları bir mərtəbə aşağıya endirir, yaxınları ilə görüşdürürlər. Təsəvvür edirsizmi, bu cür görüşlər dünyaya yeni göz açan körpələrə kənardan hansı infeksiyalar gətirə bilər?
Bu şöbənin xidmətlərindən mən də yaxınlarda istifadə etmişəm. Etiraf etmək lazımdır ki, orda işini bilən, bacarıqlı və peşəkar həkimlər var. Mən də ara-sıra o həkimlərdən birinin yanında müayinəyə gedirdim. Amma indi qərara almışam ki, “pulsuz” dövlət xəstəxanasına müayinədən keçməkdənsə, pullu, amma daha ucuz başa gələn özəl klinikaya gedim. İndi mən kiçik özəl klinikalardan birində həmin xəstəxanadakında olduğundan da peşəkar və ucuz xidmət alıram. Bura içəri girmək üçün pul istəmirlər, içi-gücü səni müayinə edən həkimə yalnız əlcək verməkdən ibarət olan tibb bacısına “əziyyətinə görə” 2 manat tələb etmirlər. Orda USM 12 manat, həkim müayinəsi 10 manatdır. Müqayisə üçün deyim ki, idi heç bir dövlət poliklinikasına, ya da xəstəxanasında həkimə 10 manatdan az pul verilmir.
Analizlərin qiymətindən də bir azacıq yazmaq istərdim. Bu yaxınlarda 1 saylı dövlət qadın məsləhətxanasında bir neçə infeksiyadan analiz verməli oldum. Qiyməti də hərəsi azı 17 manat. Görəndə ki, həkim analiz üçün şüşəni öz xalatının balağı ilə silir, dərhal qərara aldım ki, başqa yerə gedim. Amma gec idi, analizlər üçün ümumilikdə 56 AZN ödəməli oldum. Sonradan müasir PCR standartı ilə həmin analizləri hər biri 1-2 manat ucuz olmaqla özəl klinikada verdim.
Bilirəm, bu yazını oxuyanların ürəyindən “nə olsun, yazmağın, deməyin nə mənası var, heç nə düzəlməyəcək” kimi fikirlər keçəcək. Amma inanın, xeyri var. Deməliyik, danışmalıyıq, haqlarımızı tələb etməliyik. Bir dəfə, iki dəfə, lazım olsa lap 100 dəfə eyni şeyləri deməliyik. Məncə, xeyri olacaq. Ən azından mən özüm üzləşdiyim hər bir dövlət strukturunda – vergilər idarəsi, sosial sığorta fondu, icra hakimiyyəti və s. kimi qurumlarda deyirəm, danışıram və haqlarımın müəyyən qismini bərpa edə bilirəm. Bildiyim qədər Aynurun açıq məktubunun da müəyyən qədər xeyri olub. Yox, Anar Qədirli üzə çıxmayıb. Sadəcə, Aynur öz üzərində növbəti əməliyyatın daha ucuz aparılmasına nail ola bilib. Guya həkimlər bu əməliyyatı sayca səkkizini olduğunu nəzərə alıb “endirim” ediblər.
Çətin peşə sahibi olan jurnalistlərin hamısına öz sağlamlığının və haqlarının keşiyində durmağı və belə yazılar yazmağa vaxt ayırmamağı arzulayıram.