Modern.az

43

43

Ölkə

30 İyun 2012, 13:19

Əziz Nesinin “Bir qadını ağlatmaq” essesindən təsirlənərək

B.R.-yə

Bir qadın nə istər 43 yaşında?

Bir qadın – füsunkar, cazibədar...

Tərifi çox uzatmayım: bütöv bir hərəmxanaya bərabər qadın!..  

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Sevilmək! Həm də qarşılığında heç nə vermədən. “Mənim heç bir öhdəliyim yoxdur”, – deyə.

Başqa nə?

Ən azı üç otaq. Rahat mühit. O, yəni sevdiyi kişi də yanından heç zaman ayrılmasın. Başını Onun çiyninə dayasın. Əhməd Şəfəqin “Unut onu” mahnısını dinləyərək kövrəlsin, sonra uyusun. O: “Siqaret çəkməyə çıxıram”, – deyəndə “Getmə, yoxsa küsərəm”, – deyə qolundan tutsun. Ona daha möhkəm qısılsın. 

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Qürurunu əyib özü Ona, yəni sevdiyi kişiyə heç vaxt “sevirəm” deməsin. Amma hər gün Ondan bu kəlməni eşitsin, nazı ilə oynansın, saçlarına sığal çəkilsin, oxşansın.

Kamına yetişəndən sonra Onun, yəni sevdiyi kişinin yatağından qalxsın, ağ köynəyini çılpaq bədəninə geysin, mətbəxə yollanıb su içsin, pəncərəni açıb günəşə boylasın, təmiz havanı ciyərlərinə çəkib yenidən yatağa qayıtsın, başını Onun, yəni sevdiyi kişinin sinəsinə qoysun, içindəki gizli istəkdən dodağına təbəssüm qonsun və Onun qoxusu ilə yarımçıq qalmış yuxunun ardını görsün...

Sərbəstliyi ilə Onu, yəni sevdiyi kişini qıcıqlandırsın, xeyrinə deyilən hər bir tövsiyəni qulaq ardına vursun, istədiyi yerə istədiyi vaxt ayaq döyə bilsin, istədiyi adamla görüşsün, söhbət etsin, amma Onunla, yəni sevdiyi kişi ilə görüş yerinə daim geciksin, heç danlanmasın, bəhanəsi həmişə üzrlü səbəb sayılsın, təqsirkar olsa da, haqlı çıxsın,  küssün, ağlasın və sonra Onun, sevdiyi kişinin yalvarışlarını, tövbələrini saymazyana, az qala böyük bir lütf, güzəşt, mərhəmət kimi minnətlə qəbul edib Onu, yəni sevdiyi kişini, nəhayət, bağışlasın...

Səhvləri, tərsliyi, etibarsızlığı, ani dəyişkənliyi heç vaxt üzünə çırpılmasın. O, yəni sevdiyi kişi dostlarının yanında onu öpüb qucaqlasın, söhbət edərkən düz gözlərinin içinə baxsın, diqqəti heç yerə yayınmasın, susaraq onu dinləsin, sonadək, özünün bəyənmədiyini O da bəyənməsin, sevmədiyini O da sevməsin...

Bir qadın nə istər 43 yaşında?

Əslində, istədiklərinin hər biri vardı. Gerçək, əlçatan idi, ün yetən idi. Bəs indi?

İndi bir ovuc kül. Üfürdü, getdi, havaya qarışdı. Nə dinləyəcək, nə sözləri ilə ovudacaq, nə də dəstəyi ilə təsəlli verəcək biri var. Biri – O, yəni sevdiyi kişi. Sadəcə, quru qürur, tərs inad, sözdə sərbəstlik, üzrsüz səbəb, düzəlməz səhv. Özü-özünə etirafları. Təqsirini anlama. Riyakarlığını qavrama. Bir də ağzı qaysaqlanmayacaq umu-küsülərin yaraları, hərdən tənhalıq bataqlığından gələn qorxunc səslər, yaddaşın anidən geri qaytardığı görüntülər, münaqişələrlə keçən zamanların sızıltısı, üçotaqlı evdə vahiməli axşamlar, gecələr pəncərələrdən içəri girən kabuslar, qarışıq yuxular, diksintili oyanmalar, ömrün qapısında yığılan illər, həyatın astanasını kəsdirmiş qocalıq, sabah da üzüntüsüz ölüm, sahibsiz itlərin dolaşdığı qəbiristanlıqda başı üstündə ağlanmayan tənha məzar – heçlik!..

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Yalnız ağlamaq. Dəlicəsinə, ürəkdən, hıçqıraraq. Gedənin, itirdiyinin ardınca deyil, Onun, yəni sevdiyi kişinin qəlbinə sözlərlə sancdığı iynələrin ağrısını öz içində duyaraq, boğazında yaranmış qomu uda bilməyərək, nəfəsi tutularaq, az qala tənəffüsü kəsilərək. Ağlayar, mütləq ağlayar, çünki ağlamasa ölər. Ağladıqca da içindəki o zəhəri, o saxta qüruru, tərs inadı, şahanə məğrurluğu, ikiüzlülüyü çeynəyib tüpürər, özünə nifrət edər...

Bir qadın nə istər 43 yaşında?

Əslində, çox az şey. Öz düşüncəsinə görə.

Ya ölmək, ya da bu vahiməli yuxudan oyanmaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı