Bir müddət öncə Sabunçu rayonunda yaşayan İmanovlar ailəsi mağazadan alınan toyuq ətindən zəhərlənib. Zəhərlənməyə qarşı vaxtında müdaxilə ailə üzvlərini xilas edib. Həmin hadisədən sonra İmanovlar ailəsi quşçuluq müəssisələrininin istehsal etdiyi toyuq ətindən imtina edib. İmanovlar kimi Bakıda broylerlərin istehsali olan quş əti məhsullarını almaqdan ehtiyatlanan çox ailə var. Onlar bu toyuqların əti ilə qidalanmadan müxtəlif xəstəliklərin törənə biləcəyini güman edirlər. Bununla belə ölkədə quşçuluq müəssisələrində istehsal oluanan toyuq ətinə tələbat yüksəkdir. Doğrudanmı bu məhsullar insan orqanizminin xəstələnməsində rol oynayırlar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyinov Modern.az-a bildirib ki, broyler toyuqlarının tərkibi cəmiyyətə açıqlanmır: “Bu məhsullar genetik modifikasiya olunmuş maddələrlə zəngindir. Amerika, Brazilya və digər bir neçə ölkədə quş yemlərinin tərkibində genetik modifikasiya olunmuş kompenentlər qatırlar. Belə qidalar Azərbaycanda da istifadə olunur. Biz broyler toyuqlarını geni dəyişdirilmiş məhsul adlandıra bilərik”. E.Hüseynov qənaətincə quşçuluq fabrikləri hətta murdar olan toyuqları da satışa çıxarırlar. “Ölkədə elə bir labaratoriyada yoxdur ki, broyler toyuqlarının tərkibini analiz edə bilsin”.
AİB sədri quşçuluq müəssiələrinin məhsullarını insan orqanizmi üçün zərərli sayır: “Bu toyuqlar genetik modifikasiya olunmuş komponentlərlə qidalandıqlarına görə insan orqanizmi üçün təhlükəlidir”. Tibb elmləri doktoru, professor Adil Qeybulla da 28 günə yetişdirilən toyuqları yeməyin insan orqanizminə çox zərər verdiyini deyir: “Bu məhsullarda hansısa gen dəyişdirildikdə onun xasiyyəti də dəyişir. Həmin məhsullar müəyyən temperaturda illərlə qalır. Məsələn, pomidorda müəyyən bir gen dəyişdirilir. O, 12 dərəcə temperaturda bi il qala bilir və heç bir keyfiyyətini itirmir.
Ancaq müəyyən olunmuş temperatur dəyişən kimi pomidor yetişir və xarab olur. Yaxud da rənginə və digər keyfiyyətinə təsir edə bilər. Broyler toyuqlarına gəlincə isə onlara verilən qidada xüsusi viruslar və hormonlar var ki, 28 gün müddətinə kəsməli olurlar. Bu proses uzun çəkərsə, iqtisadi baxımdan quşçuluq müəssisələrinə sərfəli olmaz. Nəticədə 28 günə böyüyən toyuqlarda xeyli keyfiyyət dəyişiklikləri olur. Onlarda qeyri-üzvü maddələr olmadığı üçün sümük çox yumşaq olur. Bu toyuqlar ətli olduğuna görə əhalinin çoxu onu almağa meyillidir”.
Professorun fikrincə, broyler toyuqlarının tərkibinin zərərli olması yalnız müəyyən labarator nəticələrlə sübuta yetirlə bilər: “Bu məhsulların orqanizm üçün nə dərəcədə zərərli olub-olmaması geniş bir müzakirə mövzusudur. Həmin məhsullar konkret neqativ təsiri olan məsələ kimi ortaya qoyulmalıdır. Rusiyada bu cür məhsulların satışı ilə bağlı xeyli qadağalar var”. A.Qeybulla broyler toyuqlarının bir sıra xəstəliklər yaratdığını inkar etmir: “Ümumiyyətlə, tez hazırlanan məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna və sairəyə gətirib çıxarır ki, bundan da xeyli insan əziyyət çəkir. Bundan başqa, orqanizmdə müəyyən problemlər yaradır. Amerika və Avropa ölkərinin əksəriyyətində piylənmədən əziyyət çəkən çoxlu sayda insan var. Ən əsası isə piylənmə orqanizmin normal xərçəng əleyhinə müdafiə sisteminin möhkəmlənməsinə imkan vermir. Xaricdən qəbul olunan bu cür qidalar bədənin energetik ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Nəticədə ekstremal durum yaranır. Həmin durumdada maddələr mübadiləsi istənilən istiqamətdə pozula bilər”.
Günay MUSAYEVA