Modern.az

…İndi ağsaqqallar intihar edir...

…İndi ağsaqqallar intihar edir...

Ölkə

2 Oktyabr 2012, 12:15

QOCALAR EVİNDƏ YAŞAYAN AHIL KİMƏ AĞSAQQALLIQ ETSİN?..

Ahıllar Günü keçiririk... Bəziləri soruşur: ahıllar bizə nə gün ağlayıb ki, biz də onlara gün ağlayaq?..
“Böyüyünü tanımayan qibləsini tanımaz”... Atalarımızın sözüdür. Böyük, elə ağsaqqal deməkdir. Deməli, böyüklük, ağsaqqallıq qiblə ilə, yəni Məkkənin yolunu göstərənlə müqayisə olunur. Burada həm də ağsaqqallıq keyfiyyətlərinə işarə var. Böyük, ağsaqqal özü qibləni tanımalıdır ki, kiçiklərə də onun yolunu göstərsin. Qiblə Allahın, Peyğəmbərin yoludur, namaz qılanların, möminlərin üz tutduğu yoldur. Deməli, ağsaqqal ilk növbədə Allah yolu tutmalıdır ki, kiçiklər, cavanlar da onun ardınca getsin. Deməli, ağsaqqal yerində olmayanda, biz ağsaqqalı tanımayanda qibləmizi və bu minvalla Allahı tanımırıq. Biz ağsaqqalı görəndə Yaradanı,  Peyğəmbəri(ə) xatırlamalıyıq...

Ağsaqqal gənc nəsil üçün hər mənada nümunə olmalıdır. Nümunə olmaq üçün də onun özünün əvvəldən seçdiyi nümunə hamıya örnək olmalıdır. Nəinki Azərbaycan üçün, bütün bəşər əhli üçün ağsaqqallıq nümunəsi Muhəmməd Peyğəmbər əleyhissəlamdır, Dədə Qorquddur. Daha Müaviyyənu, Lenini, Stalini, Brejnevi və onların yetişdirdiyi ölkə liderlərini özlərinə örnək sanan böyüklərdən əsl ağsaqqal yetişməz... Sovet dövrü təəssüf ki, əksərən belə ağsaqqallar yetirdi Azərbaycan üçün. Diktatorluğu, hakimiyyətdə, vəzifədə olana mütiliyi, köləliyi, nəticədə yaltaqlığı təlqin edən belə böyüklər gənc nəslə haqq, ədalət uğrunda deyil, kommunizmin yalançı şüarları uğrunda mübarizə əzmi aşıladı. Belə böyüklər gəncləri dinləməyi bacarmadı, onların düşüncələrinə, maraqlarına dəyər vermədi, yalnız öz dediklərini yeritdilər. Bizlərə gizli də olsa, Allahı, Peyğəmbəri, namazı anlatmadılar, dostumuzu, düşmənimizi tanıtmadılar. Özləri də qorxdu, bizi də qorxudaraq qorxaq yetişdirdilər. Nəticədə müstəqillik, azadlıq uğrunda mübarizəmiz də yarımçıq oldu. Mübarizə, savaş meydanında bir xalq kimi birliyimiz, mübarizə əzmimiz, cəsarətimiz zəif oldu. Hansı qüvvələrinsə, hakimiyyətdən ötrü hər şeyi satan kimlərinsə əlində alət olduq. Nəticədə Qarabağı qandan qorxan kimi tanıdığımız erməniyə təslim etdik...

 Halbuki ağsaqqal gənc nəsli mübariz böyütməlidir. Onun nə həddindən artıq radikal, nə də müti, kölə olmasına imkan verməməlidir. Məşhur “Qurdlar vadisi” serialında Poladın atası Ömər babanın öz oğlunun, onun dostlarının haqq uğrunda, müsəlman, türk düşmənlərinə qarşı  mübarizəsinə  münasibətdə davranışları əsl ağsaqqalllıq nümunəsidir. Hər cür pis vərdişdən, boş danışıqdan uzaqdı, namaz  qılır, oruc tutur, məscidə gedir, ömür-gün yoldaşı ilə son dərəcə mülayim davranır. O, cavanları bəzən yersiz qəzəbdən, qisasçılıqdan çəkindirir, həddi aşmağa qoymur, səbrli olmağa çağırır. Amma Poladın, Mematinin öz həyat yoldaşlarını, övladlarını itirdikləri ən gərgin anlarda belə Ömər baba onları geri çəkilməyə, təslim olmağa çağırmır, əksinə, düşmən qarşısında əyilməməyə, sınmamağa, güc toplayıb münasib yollarla mübarizəni davam etdirməyə səsləyir... Qarabağ müharibəsində bəzi böyüklərimiz  nəinki yaralanıb gələn, fərarilik edən oğullarına  daha geri dönməməyi, gizlənməyi məsləhət görürdülər...

Bir yandan qınayıram, bir yandan  da sovet dövründə kommunizm ümidləri doğrulmamış, sonra isə müstəqillik barədə, neftimizin sadə xalqa verəcəkləri barədə arzuları həyata keçməmiş,  Qarabağı düşməndən azad görməkdən artıq gözlərini çəkmiş ahılların halına acıyıram. Xüsusən, doğma torpağını, yurdunu, evini-eşiyini itirmiş,  sovet dövründə övladlarına toy etmək, ev tikmək arzusu ilə alın təri ilə topladıqları  pulun bu gün iki qoyunun əvəzi etməyən qarşılığını almaq üçün banklarda boynubükük növbəyə duran didərgin böyüklərimizi görəndə, təsəvvürümə gətirəndə göz yaşlarım içimə axır...      

Qınamaq asandı... Özünü  bu günkü ahılların yerinə qoyanda onların nələr yaşadığını, bu gün ağsaqqallıq etməyin nə dərəcədə ağır, məşəqqətli bir iş olduğunu təsəvvürünə gətirirsən. Onlar sovet repressiya dəzgahından keçmiş, bir qismi sürgün olunmuş, güllələnmiş,  bir qismi müxtəlif yollarla canını qurtarmış, bəyliyi, var-dövləti əlindən alınmış, qüruru sındırılmış, xeylisi İkinci Cahan müharibəsində həlak olmuş, itkin düşmüş Azərbaycan, müsəlman kişilərinin övladlarıdır. Müharibə dövründəki və sonrakı aclığı, qıtlığı, atasızlığı yaşamış insanlardı onlar... Bu gün isə daha ağır bir müharibə ilə üz-üzədir bu atalar... Mənəvi-psixoloji, ideoloji savaşdadırlar öz içlərində... Neçə illər neçə rüşvətxor rəhbərlərin tabeçiliyində işləmək  müqabilində 100-200 manat pensiyaya möhtac qalan böyüklər bu günkü kiçiklərin- müstəqil(!) neft(!) ölkəsi vətəndaşlarının  problemlərini də yaşayırlar... Bir yandan maddi ehtiyaclar, müalicə, dərman dərdləri, bir yandan da dünənki mənəviyyatla, əxlaqla, tərbiyə ilə daban-dabana zidd olan  mənəvi-psixoloji bir xaosla üz-üzədir ağsaqqallıq umduğumuz indiki ahıllar...  Bu günkü ağsaqqal duruş gətirmək üçün qəhrəman olmalıdır həm də... Bəziləri dözmür... Oğulun, qızın, nəvənin saymazlığına, internetin, mobil telefonun, telekanalların, artistlərin, müğənnilərin dədə-baba adətlərinə həqarətlərinə, qapısını döydüyü dövlət məmurunun problemlərinə etinasızlığına, laqeydliyinə dözə bilmir ahıllar, ağbirçəklər... Bəziləri Qocalar evinə üz tutur... Bəziləri də... Bu ilin intihar statistikasını araşdırsaq, 60-70 yaşlı kişilərin, qadınların intihar hallarının ötən illərə nisbətən artdığını görərik...

Bütün səhvləri, nöqsanları ilə bərabər bizimkidir bu günkü ahıl atalar, analar... Onları unutmamalıyıq, onların qayğısına qalmalıyıq... Çünki vaxt gələcək biz də ahıl olacağıq, bizi də tənqid edəcəklər,  bizdən də ağsaqqallıq umacaqlar...

İndi ağsaqqallar intihar edir...Bir xalq üçün bu, böyük faciədir...

 Bu günkü ağsaqqalları, ağbirçəkləri bəyənmirik. Yaşayaq... Yaşayaq görək, inşallah, Faiq Ağayev, Samir Bağırov, Səməd Səmədov, Elariz Məmmədoğlu, Eldar Qasımov, Aygün Kazımova, Brilliant Dadaşova, Röya, Rəqsanə, Nigar Camal və s.  bu xalqa necə ağsaqqallıq, ağbirçəklik edəcək?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı