Yeni dəyişiklik cinayətkarlara daha çox xeyir verə bilər
Yaxın bir qohumum texniki peşə məktəbində oxuyur. Daha doğrusu, oxumağa çalışır. Deyir ki, oxudun-oxumadın, müəllimlər səndən pul alırlar. Buna etiraz edəndə, deyəndə ki, ay müəllim, axı mən dərs buraxmamışam, daim cavab vermişəm, indi də hansı suala istəyirsiz, cavab verim, müəllim direktoru bəhanə gətirir - “direktora hər tələbədən haqq verməliyik, onu kimin oxuyub-kimin oxumadığı maraqlandırmır” deyib pulunu alır. Ən yaxşı halda özü oxumaq istəyən uşaqlara yalnız endirim edilir – 5-10 manat. Bu semestr qohumum da çox yaxşı bildiyi fənn - ədəbiyyat müəllimi ilə çox çənə-boğaz eləyib, müəllimin xeyli suallarına düzgün cavab verib. Axırda müəllim nə soruşsa yaxşıdır? “Mumu” əsərində itin gözlərinin rəngini. Müəllim hesab edib ki, texniki peşə məktəbində oxuyan tələbə bunu bilməsə, zaçot ala bilməz, ona görə də yenə də pul alaraq qiymət yazıb.
Mən indiyədək çox belə hallarla rastlaşmışam. Düzdür, çox vaxt jurnalist olduğumu biləndən sonra məndən pul istəməyiblər. Amma mürəkkəb vəziyyətlərə də düşmüşəm – elə məmur olub ki, “heç kimdən qorxmuram” deyib və qanunla mənə pulsuz verməli olduğu sənədi satmağa çalışıb. Onda da həmin adamın səsini diktofona yazdığımı və əlimdəki dəlillərlə məhkəməyə müraciət edəcəyimi demişəm. Bundan sonra problem həll olunub...
Bu praktikamı qohumumla da bölüşdüm. Onu inandırmaq istədim ki, bəzi rüşvətxorları bu cür yerinə otuzdurmaq olar. Sadəcə həmin müəllimin səsini yazıb “direktorun haqqı” barədə dediklərini birbaşa nazirliyə, ya da bəd ayaqda elə direktorun özünə eşitdirmək lazımdır. Hətta bu işdə qohumuma kömək etməyi də planlaşdırırdım. Amma...
Amma indi Milli Məclis bu cür əməllər üçün məsuliyyət nəzərdə tutmaq istəyir. Belə ki, başda “KİV haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar olmaqla bir sıra sənədlərə əlavə hazırlanır. Əlavənin məğzi də budur ki, “şəxsin xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
İndi belə çıxır ki, müəllimin rüşvət tələbindən yaxa qurtara bilməyən tələbəyə yardım göstərənin özünü ittiham edəcəklər. Bəs rüşvət və korrupsiyanın tüğyan etdiyi bir ölkədə bu əməllərə qarşı mübarizə necə aparılmalıdır? Elə Milli Məclisdə bu dəyişikliyi qəbul etmək istəyən komitənin sədri, sənədin digər müəllifləri arasında Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvləri var. Onların özləri də dəfələrlə deyiblər ki, insanlar korrupsiya faktlarını açıb-ağartmaqdansa, komitəyə anonim şikayət etməyə üstünlük verirlər. Əlbəttə elə olacaq. Əgər jurnalistə kiminsə səsini yazıb şəklini çəkməyi qadağan edirlərsə, sıravi vətəndaşlar bunu necə sübut edə bilər? Axı rüşvət tələbini sübut etmək çox çətin məsələdir. Əgər həmin adamın səsi yazılmayacaqsa, pul aldığı yerdə şəkli çəkilməyəcəksə, onda onun rüşvətxor olduğunu necə sübut etmək olar?
Düzdür, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyir ki, bu düzəliş yalnız sıravi vətəndaşların özəl həyatına aid edilir. Yəni, jurnalistlər vəzifədə oturanlar, məmurlar və ictimai maraq daşıyan şəxslərin şəklini çəkə bilər, səsini də yaza bilərlər. Yalnız adi vətəndaşların şəxsi həyatına müdaxilə etmək olmaz. (Əslində, bu, jurnalistikanın qızıl qaydasıdır və az-çox praktikası olan, təlimlər keçən qələm sahibinə bunu demək lazım deyil). Elədirsə, niyə əlavə məhz bu izahatla qanuna salınmır? Niyə qeyd olunmur ki, KİV nümayəndələri vəzifəli və ictimai şəxslər barədə bu əməllərə yol verə bilərlər. Onsuz da sıravi vətəndaşların gündəlik qayğısı o qədərdir ki, onları küçədə şəklinin çəkilib səsinin yazılması narahat etmir. Bundan qayğılananlar əsasən vəzifəli adamlardır. Və inanmıram ki, Azərbaycan məhkəmələri məmurların KİV orqanlarına qarşı iddiasına rəy bildirəndə “Sən ictimai maraq daşıyan subyektsən, buna dözümlü yanaşmalısan” kimi mövqe bildirsinlər. Hələ belə bir əlavə edilməzdən əvvəl məhkəmələr dəfələrlə bu əmələ görə qəzetləri cərimələyiblər, o ki qala bundan sonra.
Məncə, bu dəyişiklik onsuz da təminatı olmayan ifadə azadlığı üçün təhlükə daşıyır. Xüsusilə də jurnalistikanın Azərbaycanda ən az yayılan janrına – araşdırmaya ciddi zərbə dəyəcək. Çünki açıq informasiyaları toplamağın qeyri-mümkün olduğu Azərbaycanda ümid ancaq gizli yollarla məlumat toplamağa qalırdı.
Şəxsən mən Azərbaycanda aparılan iri tikintilərdən birində yeyinti faktlarını araşdırmaq istəyirəm. Böyük bir planım var. Belə getsə, gərək həmin qanun qüvvəyə minənə qədər araşdırmanı bitirim. Yoxsa, sonra korrupsionerlər əvəzinə özüm məhkəməyə sürüklənə bilərəm.