Modern.az

Bakı kəndlərinin «30 qəpiyi»...

Bakı kəndlərinin «30 qəpiyi»...

Ölkə

11 Mart 2010, 18:46

Avtobus marşrutunda son qiymət artımı baş verərkən şəhərdaxili gedişhaqqı adambaşına 20 qəpik oldu. Bakı kəndlərinə isə məsafədən asılı olaraq bu qiymət 20-30 qəpik arasında dəyişir. Yenə də vurğulamaq istəyirəm ki, məsafədən asılı olaraq. Bu məqamı xüsusi vurğulamaqda məqsədim var. Lakin bu barədə bir az sonra. Sərnişin nəqliyyatında qiymət artımı baş verəndə bu sektorda xidmətin yaxşılaşacağına ümid bəsləyənlər artıq yanıldıqlarını başa düşüblər. Şəhərin mərkəzində hərəkət edən mikroavtobuslar iritutumlu nəqliyyat vasitələrilə əvəzlənsə də, marşrutlarda problemlər aradan qalxmadı. Avtobuslararası intervalları (iki avtobus arasındakı dəqiqə fərqini) o qədər yüksəltdilər ki, sonda yenə də basabaslar yarandı. Metroda gedişhaqqının qaldırılmasından sonra şəhərdaxili marşrutlardan istifadə edənlərin sayı bir qədər də çoxaldı ki, bu da avtobus dayanacaqlarında insanların növbəyə durmasına səbəb olub. İntervalın böyük götürülməsi də ancaq yol sahiblərinə xeyir verir. Çünki intervalın böyük olması ilə dayanacaqda insanların toplaşması və daha çox sərnişinin “preslənib” (məncə, artıq basabasdan keçib. İndi avtobuslara insanları presləyib yığırlar) daşınması mümkünləşir ki, nəticədə də axşama qədər çoxlu vəsait yığmaq olur.

Kimsə hansısa marşrutu alır və bu xəttin başına da istədiyi oyunları açır. Marşrut sahiblərini ancaq bir məsələ düşündürür – “bu gün filan qədər pulu plan şəklində almalıyam”. Həmin pulun hansı şəraitdə yığılacağı, insanların bundan əziyyət çəkib-çəkməyəcəyi onları maraqlandırmır. Bu məqamda Mirzə Ələkbər Sabirin məşhur şeirindən bir misranı xatırlatmaq yerinə düşər. "Qoy mən tox olum, özgələr ilə nədi karım". Görünür, bizim hazırkı marşrut sahibləri də bu prinsiplə dünyaya baxırlar. Daha doğrusu, marşrut sisteminə və onun müştərilərinə...

Hər gün qarşılaşdığımız bu halı nədənsə, cavabdeh orqanlar, daha konkret desək, nəqliyyata cavabdeh olan Nəqliyyat Nazirliyinin əməkdaşları görmür və ya görmək istəmirlər. Niyə görmür və ya niyə görmək istəmir, bu suala da onların cavab verməsi mütləq lazımdır.

 

Bakı kəndləri və marşrut problemi

 

Şəhərdaxili marşrutlardakı kiçik avtobusların iritutumlularla əvəzlənməsindən sonra bu prosesin Bakı kəndlərinə də yön alacağını düşündük. Amma nədənsə, iri avtobuslar əksər kəndlərə gəlib çıxa bilmədi. Buna 198, 148, 163, 319, 227, 89, 86, 7, 73, 81, 161, 236, 165, 249, 134 saylı marşrutları misal çəkmək olar.

Doğrudur, bəzi kəndlərə işləyən iritutumlu avtobuslar var. Amma onlarda da ara məsafəsi o qədər böyük olur ki, sərnişinlər basabasdan salonda güclə nəfəs alırlar. Hələ bu marşrutlara səhər saatlarında, yəni insanların işə tələsdiyi vaxtda baxılsa, onda adamda elə təəssürat yaranar ki, hansısa kinokomediyaya tamaşa edir. Amma bu komediyaya baxanlardan bəziləri gülür, bəziləri məəttəl qalır, bəziləri isə ağlayır, millətinin gününə-güzəranına göz yaşı tökür.

 

"Məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpik"

  

İndi isə yazının əvvəlində qeyd etdiyim "məsafədən asılı olaraq" məsələsinə qayıdaq. Sərnişindaşımada son qiymət artımından sonra paytaxtın mərkəzindən kəndlərə gedişhaqqı hər adam üçün 30 qəpik müəyyənləşdirildi. Buna səbəb kimi də yolun uzaq olması göstərildi. Amma o zaman bəyan olundu ki, bu qiymət məsafədən asılıdır. Yəni Fatmayi kəndinə gedən sərnişin 30 qəpik verdiyi halda, yol üstü - Mehdiabadda düşəcəyi təqdirdə 20 qəpik verəcək. Amma deyəsən, artıq bu taktika işləmir. Çünki avtobusa minən kimi insanın nəzərini ilk cəlb edən də məhz böyük hərflərlə yazılmış "Məsafədən asılı olmayaraq gediş haqqı 30 qəpik" sözləridir. Hətta avtobusların qət etdiyi məsafə azalsa belə, qiymət yenə də dəyişmir, aşağı salınmır. Buna misal kimi 179, 134, 47, 108 nömrəli marşrutları göstərmək istərdim. Bu marşrutlar bir neçə ay bundan əvvəl metronun "Gənclik" stansiyasının yanından kəndlərə - Mehdiabad, Fatmayi, Goradil, Digah və digərlərinə istiqamət alırdı. Amma "Azadlıq prospekti" stansiyası istifadəyə verildikdən sonra onların qət etdiyi məsafə xeyli azalıb. Çünki bu marşrutlarda işləyən avtobuslar şəhərə daxil olmur, elə "Azadlıq prospekti" stansiyasının qarşısında dayanır. Amma bütün bunlara baxmayaraq yenə də gediş haqları dəyişmir.

 

Kəndlərin bir-biri ilə əlaqəsi yoxdur

 

Bakı kəndlərinin bir problemi də onları bir-birinə bağlayan avtobus marşrutlarının olmamasıdır. Buna Məhəmmədi ilə Digah kəndlərini misal çəkmək olar. Əvvəlcə qeyd edim ki, Məhəmmədi kəndinə sakinlər metronun "Əzizbəyov" stansiyasından hərəkət edən 227 nömrəli mikroavtobusla gedirlər. Yəni Zabratdan keçməklə mənzil başına yetişirlər. Digah kəndinə isə "Azadlıq prospekti" stansiyasının yanından gedilir. Baxmayaraq ki, bu kəndlər qonşudur və aralarındakı məsafə təxminən 2-3 kilometrdir. İndi Məhəmmədi sakinləri Digah kəndinə getmək üçün əvvəlcə metronun "Əzizbəyov" stansiyasına gəlməlidir. Bundan sonra metro ilə "Azadlıq prospekti"nə gələndən sonra yenidən 47 nömrəli marşruta əyləşib Digah kəndinə getməlidir. Beləcə bu iki kəndi birləşdirən marşrut olmadığından sakinlər bir-biriləri ilə görüşmək üçün bütün Bakını dolanmalıdırlar. Bütün bunları dəqiqliklə yazmaqda məqsədim odur ki, daha bəhanəyə yer qalmasın. Bircə qalır, problemlərin həll olunduğu günü gözləmək.

 

 

 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?