Modern.az

Puç olan ümidlər

Puç olan ümidlər

Ölkə

19 İyun 2013, 17:07

Xəyallarla yaşanan gəncliyimiz

İndi 1988-ci illər deyil. O zaman xalq azadlıq istəyirdi, qanı bahasına buna nail oldu. İndi 1998-ci illər də deyil. Həftə sonları Motodromda baş tutan mintinqlər dövrü, metronun “20 yanvar” stansiyasından “Qələbə” meydanına kimi təşkil olunan yürüşlər, xəyallar, “kölgə kabinetlər” zamanı elə o illərdə, son olaraq 2003-cü ildə qaldı.
Yadımdadı, insanlar necə həvəslə o mininqlərə gedirdi, liderlərin çıxışlarını dinləyirdi. Alqış sədaları, “istefa” şüarları dildən düşmürdü. Biz də peşə borcumuzu yerinə yetirmək üçün hər həftə sonları oralara təhkim olunmuşduq. Elə həmin mitinqlər zamanı liderlərdən birinin çıxışından sonra jurnalist həmkarım əllərini başı üzərinə qaldıraraq, sonra mənə sevincək baxaraq “gəlirik ey, gəlirik!” deyə bağırdı. Sakitcə onu dinləyərək “hara gəlirik, niyə gəlirik?” , - deyə sual verdikdə, cavab verdi ki, “ay qız görmürsən kişi necə alovlu çıxış edir, hakimiyyətə gəlirik”. Yeri gəlmişkən, aradan 13 il keçib, hələ də gələ bilmədilər...

Ömrüm boyu mətbuatda çalışdığım zamanlarda, elə indinin özündə də yazılarımda, araşdırmalarımda ölkədə baş alıb gedən haqsızlıqlara, tüğyan edən rüşvətxorluğa, məmur özbaşınalıqlarına, harınlıqlara, dövlətə və dövlətçiliyə qənim kəsilən daxili və xarici qüvvələrə qarşı çıxmışam və bu gün də eyni mövqedəyəm. Nə zamansa kimlərin hakimiyyətə gəlməsinə də ümid etməmişəm. Çünki mən ümidlərlə yaşamıram, reallıqlar, həqiqətlər göz önündədir. Amma mənimlə yaşıd və məndən kiçik həmkarlarımın hələ də lüzumsuz ümidlərə (məsələn, filankəs nə zamansa iqtidara gələcək, problemlər həll olunacaq, bu yolda mübariz olan insanlara vəzifə filan veriləcək kimi düşüncələr) qapanmasını anlaya bilmirəm. Onlar hələ də son 20, 10 ildəki kimi ümidlərlə yaşadılırlar.
Bu günlərdə müxalifət qəzetində çalışan həmkarımla söhbət zamanı yaxın gələcəkdə quracağı xəyallardan bəhs etdi: biz hakimiyyətə gələndə mənə filan vəzifəni verəcəklər, dövlətin ayırdığı maşında kef edəcəyəm, yeri gəlsə mən də rüşvət alacağam lüks yaşamaq üçün, bu gün mənim üzümə baxmayan xanımı ayağıma gətirdəcəyəm və s. Absurd düşüncələrdən yaxa qurtarmağın vaxtının çoxdan keçdiyini desəm də cavabı eyni olur “ümid var gələcəyə, biz gələcəyik hakimiyyətə”. Mənə Türkiyədə baş verən olayları misal çəkir, xəyallara dalır gözləri yol çəkərək...

Bu gəncliyin beyinləri hələ də mənasız xəyallarla, ümidlərlə doldurulur. Mən də hazırkı durumdan razı deyiləm, haqsızlıq, korrupsiya, özbaşınalıq, əxlaqsızlıq, ədalətsizlik, məmurların oliqarxlıqla məşğulluğu baş alıb gedir. Kor deyiləm, görürəm. Amma iğtişaşları da dəstəkləmirəm. “Tarqovı”nın, Fəvvarələr Meydanının İstanbulun Taksim Meydanına dönməsinin qəti əleyhinəyəm. Heç Türkiyənin baş naziri Ərdoğanı da sevmirəm. Milyonlarla insan küçələrdə “istefa” deyir, lakın zaman-zaman bar-bar bağıran müxalif partiya liderləri biri cürət edib qabağa gəlib hakimiyyətə sahib ola bilmir. Çünki ölkəni idarə etməyin kolay olmadığını hər kəsdən yaxşı bilirlər... Görəsən bizim müxalifətdəkilər bunu bilirmi? Hamısı gəlmək istəyir, amma unudurlar ki, sadəcə bir prezident kürsüsü var. Dövləti idarə etmək asan deyil əzizlərim. O ölkənin sağı da, solu da onu sevməyən digər dövlətlərlə əhatə olunubsa, bu, heç asan deyil...

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı