
Yəqin razızlaşarsınız ki, yeni ailə quran gənclərin böyük əksəriyyəti ilk övladlarının oğlan olmağını istəyirlər. Bu səbəbdən də indi əksər gənc ailələr ilk övladın oğlan və ya qız olduğunu ultrasəs müayinəsi vasitəsilə qabaqcadan müəyyənləşdirib, müvafiq addımlar atırlar. Bəziləri ilk övlad olmağına baxmayaraq dölün qız cinsindən olduğunu bilincə, onu tələf etmək üçün abort barədə qərar qəbul edir. Dövlət Statistika Komitəsinin açıqladığı son demoqrafiq məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 83,1 min körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Müşahidələr son illər doğulan qızların sayında azalmanın olduğunu deməyə əsas verir.
Əgər 2013-cü il iyul ayının 1-i vəziyyətinə hər 1000 kişiyə 1013 qadın düşürsə, 2012-ci il iyulun 1-dək hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşürdü.
Azərbaycanın bəzi bölgələrində ailədə doğulan bir qız uşağı izdivacın sonuna səbəb olur. Yaxud da əksinə. Oğul doğan gəlin nəslin baş tacı sayılır, toxunulmaz statusu əldə edir.
Şübhəsiz ki, bütün bunların istər dini, istər sosioloji, istərsə də psixoloji izahı var.
Başlayaq sosioloji izahdan. Məlumdur ki, tarixi proseslərin nəticəsində bizdə belə bir adət-ənənə yaranıb. Çünki uzun müddət ölkədə tarix boyu fiziki əməyin, müharibələrin geniş yer aldığı şəratidə, oğlan uşaqlarına böyük ehtiyac olub. Kişilər təsərrüfatda daha məhsuldar işləyə biliblər, təsərrüfatı qurublar və bu üzdən də müharibələrdə ölkəyə daha çox lazım olublar.
Sosioloq Əhməd Qəşəmoğlu belə düşünür. Onun fikrincə, digər tərəfdən kişi hər zaman nəslin davamçısı sayılır. Oğlan uşağı dünyaya gələndə belə hesab olunur ki, nəsil davam edir. Yənin əsas üç faktor-iqtisadiyyat və təsərrüfatda, müharibədə kişini rolu, üşüncüsü isə nəslin davamçısı olması-var. Bunların hər üçü mühüm faktorlardır.
Qəşəmoğluna görə, hazırda kişiniin təsərrüfatda əlahiddə rolu qalmayıb, müharibələr isə başqa xarakter alıb. Amma nəslin davamı məsələsi yenə də aktual olaraq qalır. Həm də qız uşağı ailə qurub çıxır gedir və valideynlər tək də qala bilir.
Bəs din buna necə baxır? Oğlan uşağının qızdan bu qədər üstün tutulması doğrudurmu? İlahiyyatçı Elşad Miri deyir ki, dünyanın bir çox cəmiyyətlərində bu məsələ mövcuddur. Amma “Qurani Kərim”də buyrulur ki, Allah istədiyinə qız verər, istədiyinə oğlan, istədiyinə hər ikisindən verər, istədiyini hər ikisindən məhrum edər. Allah müqəddəs kitabımızda buyuyur ki, “qızın, yaxud oğlanın xeyirli olduğunu siz bilə bilməzsiniz”.
Elşad Mirinin sözlərinə görə insanların belə məsələləri köklü dərk etməməmləri yetərincə problemlər yaradır:
“Məsələn deyirələr ki, ”qızını döyməyən dizini döyər”. Bu misal kökündən yanlışdır. Peyğəmbərimizin özünün nəslini qızı Fatimə davam etdirib. Amma oğlanları uşaqkən vəfat edib. Hətta buna görə ona “əptər” deyiblər”.
İlahiyyatçının fikrincə, uşaq doğularkən onun cinsiyyəti ilə yox, sağlamlığı ilə maraqlanmaq lazımdır. Məsələn, Lud peyğəmbərin xanımları onun peyğəmbərliyinə inanmayıblar, kafir olublar, Nuh peyğəmbərin oğlu da kafir olub. İbrahim peyğəmbərin isə oğluna iman gətirməyib:
“Amma bütün bunların müqabilində “Qurani Kərim”də bütün aləmlərin qadınlarından üstün tutulan Məryəmdən söhbət gedir. Həmçinin “Məryəm” surəsi var. Müqəddəs kitabımızda qadınlar surəsi var, amma kişilər surəsi deyilən anlayış yoxdur.
İslami yöndən oğlanın qızdan üstün tutulması günahdır. Peyğəmbərimiz deyir ki, “evə girərkən əvvəlcə qız uşaqlarını qucağınıza götürüb öpün”. Peyğəmbərimiz də hər zaman qız uşaqlarını üstün tutub. Peyğəmbərlər övlad istəyərkən “Ey Allahım, bizə saleh övlad ver” deyiblər. Saleh oğlan, yaxud qız deməyiblər.
Psixoterapevt Fərqanə Nəcəfli isə şəxsi təcrübəsinə əsaslanarq deyir ki, ailə quran qadınlar daha çox problem yaşayırlar, nəinki azyaşlı qızlar:
“Öz sözlərini deyə bilmirlər. Çünki qız uşaqları haqlı olsalar da, dözmək məcburiyyətindədirlər. Çox maraqlı bir məqam var. Bütün dövrlərdə dinimiz kimə necə sərf edibsə, elə də təbliğ olunub. Məsələn qadın bürünüb oturmalıdır və sairə..”.
İntiqam Valehoğlu