Modern.az

“Sumqayıtda yeni iş yerləri açılır” deyən deputatı jurnalist təkzib edir: “İş problemdir”

“Sumqayıtda yeni iş yerləri açılır” deyən deputatı jurnalist təkzib edir: “İş problemdir”

Ölkə

19 İyul 2013, 13:23


Modern. az
saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Növbəti seçilən bölgə Sumqayıtdır. Şəhərdə olan problemlərlə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı və Sumqayıt şəhərində yaşayan jurnalist Elnur Ağayev danışır.

Deputat Musa Qasımlı deyir ki, Sumqayıtda səliqə-səhman, yeni ab-hava hökm sürür.

“Seçicilər son bir neçə ildə Sumqayıtda tikinti-quruculuq, abadlıq işlərindən, yeni iş yerlərinin açılmasından razılıq edirlər. Bununla belə, bəzi seçicilər öz müraciətlərində binaların həyətlərinin asfaltının yenilənməsini, elektrik kabellərinin təzələnməsini, binalarının blok qapılarının yeniləri ilə dəyişdirilməsini, binaların mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmasını istəyirlər. Bildiyimiz kimi, bu məsələlərin birdən-birə, qısa müddətdə həll olunması çətindir. Ancaq bu istiqamətdə iş gedir. Başqa məsələlər barədə adətən, seçicilərimiz müraciət etmirlər. Sumqayıtda su, qaz, enerji təchizatı ilə bağlı məsələlərdə indiyə qədər heç bir şikayət daxil olmayıb”.

Sumqayıtda fəaliyyət göstərən “Xeberle.com” saytının redaktoru Elnur Ağayev isə deyir ki, şəhərdə problemlər qalmaqda davam edir.

“Sumqayıtda böyük problemlərdən biri işsizilikdir. Bəzi yeni iş yerlərinin açılmasına baxmayaraq, hər kəsə məlumdur ki, hər gün minlərlə insan Sumqayıtdan paytaxta iş üçün üz tutur. Səhər tezdən evlərindən çıxır və ancaq axşam evə dönə bilirlər. Bu situasiya hardasa mənə SSRİ dövrünü xatırladır. Axı Sumqayıt əvvəl böyük sənaye şəhəri olub. İnsanlar tezdən zavodlara, axşam isə evlərinə axışırdılar. İndi isə bu hal sanki paytaxta doğru istiqamət alıb. Fərq ondadır ki, indi sumqayıtlılar iş yerlərini şəhərin özündə deyil, kənarda axtarıb tapmağa məcburdurlar. Düşünürəm ki, hazırda Sumqayıt sənaye şəhəri potensialından yaxşı yararlana bilmir.Sumqayıtda binalarda istilik sistemi və liftlərlə bağlı problemlər də var. Əksər binalar istilik sistemi ilə təchiz olunmayıb.

Digər bir problem yollarla bağlıdır. Həm mikrorayonlar arası, həm də məhəllədaxili yolların bir hissəsi bərbad haldadır. Qazıb su, qaz xəttini dəyişdirirlər və çox zaman yol, asfalt elə olduğu kimi də qalır. Sumqayıt özünün turizm potensialından da istifadə edə bilmir. Xəzər dənizi ilə bağlı problemlər var. Sumqayıta dəniz kimi böyük və əvəzsiz nemət qismət olub. Dəfələrlə eşitmişəm ki, ruslar, ukrayınlar, beloruslar Sumqayıta məhz dənizinə görə - çimməyə, istirahətə gəliblər. Ancaq təəssüf ki, dəniz, çimərlik yararsız haldadır. Sumqayıt və Corat qəsəbəsindən dənizə 8-9 yerdən təmizlənməmiş çirkab kanalizasiya suları axıdılır. 2 il əvvəl deyirdilər ki, su təmizləyici qurğu tikiləcək, amma təəssüf, o da iflasa uğradı və hər şey əvvəlki kimi dəyişməz qalır. Səhiyyə sistemi ilə bağlı problemlər var. Dövlət tibb ocaqlarında, xəstəxanalarda texniki avadanlıqlar, müasir cihazlar yox səviyyəsindədir. Ciddi, dəqiq müayinələrdən keçmək üçün Sumqayıt sakinləri Bakıya üz tutur. Xəstəxanalarda şərait də aşağıdır. Bununla yanaşı, Sumqayıtda abadlıq-quruculuq işləri də gedir. Binaların fəsadları dəyişdirilir, işıqlandırılır, müasir görkəm alır. Parklar, xiyabanlar, mərkəzi küçələr təmir olunur, işıq dirəkləri və bəzək kolları düzülür. Ancaq təəssüflər olsun ki, kənar dalan və məhəllələr nisbətən yaddan çıxır. Nəqliyyat sahəsində müəyyən infrastruktur dəyişiklikəri olub. Kiçik tutumlu avtobuslar orta və iri tutumlu avtbuslarla əvəz olunub. Deyə bilərəm ki, Sumqayıtın təhsili və idmanı çox yüksək səviyyədədir. Burada o sahələrə xüsusi diqqət ayrılır. Ümumiyyətlə, sumqayıtlı gənclər çox istedadlı, bacarıqlı və intellektualdırlar”


Ulduz İBRAHİMOVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı