Ömrümüzün geridə qalan hissəsində həyat təcrübəsi deyilən bir qazancımız var. Ara-sıra onları da epizodlar formasında paylaşmağa ehtiyac duyuram. Ən ekstremal şərtlərdə yaşadığım günlərdə də, indiki millət vəkili statusu ilə siyasi mühitdə çalışmalar ortaya qoyanda da bir qaydanı özüm üçün müəyyən etdim: yaşından, titulundan, elmi dərəcəsindən, statusundan, cinsindən, dinindən, bilgi səviyyəsindən asılı olmayaraq, ilk öncə problemə insanın baxışının məntiqli olub-olmamasını dəqiq müəyyənləşdirmək və hər kəsə mühakimə tərzinin doğruluğuna görə yanaşmaq.
Bu gün tanınmış yaşlı alimlərdən biri ilə Nuri Paşa mövzusunda söhbətim zamanı da öz qaydalarımın hesabına qətiyyət əsəbiləşmədim. Umacağım yoxdur axı. Adam mənə deyir ki, nə düşüb ortaya Nuri Paşadan qəhrəman düzəltmək istəyirsən. Biz qəhrəmanı da öz xalqımızdan düzəltməliyik...
İfadəyə diqqət yetirin: "Qəhrəman düzəltmək". Mənim anladığım bu ki, yəni Koroğlunun igidliyi barədə iki dastan da əlavə etmək. Qafur Məmmədovun sinəsini pulemyota daha da yaxın tutmaq, Hüseynbala Əliyevin vurduğu təyyarələrin sayını artırmaq... Nə demək "Qəhrəman düzəltmək"?
Deyir ki, Nuri Paşanı deyil, onu çağıranları qəhrəman kimi görməliyik. O zamankı Milli Şuranın, onu göndərən "İttihad və Tərəqqi" hökumətinin rəhbərlərini. Söylədim ki, əlbəttə, onların da haqqını verməyimiz vacib və biz buna da çalışmalıyıq. Burada sadəcə, söhbət savaş meydanında döyüşən əsgərin ortaya qoyduğu nəticədən gedir, konkret fədakarlıq edən komutandan gedir, paytaxtımızı azad edib dərhal Milli Şuranın Bakıya köçməsini təmin edən şəxsiyyətdən gedir, sonra heç bir statusu olmadan gedib Qarabağı azad edən Paşadan gedir. Biz qəhrəman düzəltmirik, artıq qəhrəmanlığı, fədakarlığı sübuta yetirilmiş Nuri Paşanı tanımağı, tanıtmağı, sevməyi, dəyər verməyi, hər bir azərbaycanlının minnətdarlıq borcunu düşünməyi təklif edirik. Biz Nuru Paşadan qəhrəman düzəltmirik, biz ondan qəhrəman olmağı öyrənirik. Çağırmağa qalsa, o zaman 1993-cü ildə Məmmədrəfi Məmmədovu da Moskvadan çağırıb müdafiə naziri qoymuşdular, gedib Azərbaycan üçün savaşmadı ki?
Hərbi xidmətə çağırılmış yüzlərlə vətəndaşımızdan bir Mübariz, bir Fərid çıxırsa, demək ki, çağırmaqla, göndərməklə qəhrəman düzəltmək olmur. Bunu ona görə vurğulayıram ki, hər kəsin sualından, ifadəsindən, problemə yanaşma üslubundan dərhal nəticə çıxarmağı bacarmadıqca, daha çox əsəbiləşməli oluruq. Ötən günlərdə mənə bildirdilər ki, özündən müştəbeh və ya özünü ateist alim hesab edən adamlardan biri statusunda belə bir ifadə işlədib: "Mən Fazil Mustafanın cahil olduğunu sübut edəcəyəm". Xeyli güldükdən sonra belə bir cavab dərhal ağlımda cücərdi: "Bunu sübut etməyi düşünməyin özü elə cahillikdir. Bütün insanların, o cümlədən Fazil Mustafanın da cahil olduğunun Qurani-Kərimdə qəti hökm olaraq bildirilməsindən, deyəsən, adamın xəbəri yox. Göylərin, Yerin, dağların götürmədiyi əmanəti insan cahilliyindən götürmüş və ona görə də başqa canlılardan fərqli olaraq, Yaradan tərəfindən cavabdehlik daşıyan subyekt kimi baxılmaqdadır. Əslində hamımızın öyrənməkdə, bilgi qazanmaqda, ibadət etməkdə əsas məqsədimiz bu cahilliyimizin azalmasına səy göstərməkdir".
İmansız biliyin fəsadı, deyəsən, elə bu epizodlardan görünməkdədir. Yanlış mühakimə insanı elmdən uzaqlaşdırdığı kimi, yanlış din anlayışı da insanı ədalətdən uzaqlaşdıra bilir.