Bizdə dəqiqəbədəqiqə işlənən bir söz birləşməsi var: Dövlətçiliyə sədaqət. Adicə insan haqlarına sədaqəti olmayanların daha çox işlətdiyi cümlələrdir bunlar. Sən ölkənin insanını sevməyə bilərsən, onun haqqını tapdalaya bilərsən, ancaq iclasadan-iclasa fəxr edərsən ki, bütün bunlara baxmayaraq, biz hər zaman dövlətçiliyə sədaqətliyik. Prezidentin tapşırığına məhəl qoymaya bilərsən, ancaq hamıdan daha artıq Prezidentə sədaqətdən danışarsan. Azərbaycanda bu paradoks hər an və hər yerdə müşahidə olunmaqdadır. Biz cəmiyyətin neqativ görüntüsünü verməyə çalışanda çoxlarının diqqəti bazara, küçəyə, yeməkxanaya yönəlir. Halbuki bizim cəmiyyətdə ən böyük çirkab elitar təbəqə deyə özlərini tərif edən sözdə ziyalı auditoriyasındadır. Xatırlayırsınızsa, ötən həftə evsiz alimlər adlı bir məqalə yazmışdım. Hamıya tanış "Aspirantlar yataqxanasın"da 118 elm sferasında çalışan insanın mənzillə təmin olunması probleminə toxunmuşdum. Problemin mahiyyətini diqqətlə araşdırdıqda burada olan qanunsuzluq məni o qədər rahatsız etdi ki, yenidən mövzuya qayıtmalı oldum.
Baxın, 21 fevral 2011-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının «Aspirantlar yataqxanası» sakinlərinin mənzillə təmin olunması üçün AMEA rəhbərliyi ilə yataqxana sakinləri arasında geniş tərkibdə iclas olmuşdur. İclasın yekunu olaraq, AMEA-nın prezidenti mərhum, akademik Mahmud Kərimovun imzası ilə məsələnin həllində köməklik göstərməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 22 fevral 2011-ci il tarixli məktub ünvanlanmışdır. Məktuba ölkə prezidenti diqqətlə yanaşmış və müsbət həllini tpşmışdır. AMEA prezidentinin imzası ilə «Aspirantlar yataqxanasında» yaşayan 118 mənzil sahibinin siyahısı tərtib və təsdiq olunmuşdur. Sonra Akademiya rəhbərliyi tərəfindən mənzilin tikintisi üçün podratçı şirkət olaraq «Evrostroy - S» MMC ilə «Aspirantlar yataqxanasının» ərazisində yeni binanın tikilməsi üçün qarşılıqlı protokol imzalanaraq yataqxanada yaşayan sakinlərlə razılaşmaq üçün danışıqlara cəlb olunmuşdur. AMEA ilə «Evrostroy-S» MMC arasında razılaşmaya əsasən «Aspirantlar yataqxanası» sökülərək həmin ərazidə tikiləcək yeni binada yataqxanada yaşayan 118 sakin ən aşağısı 65 kv. m. mənzillə təmin olunmalıdır. İşlərin davamı olaraq «Evrostory-S» MMC-ilə yataqxana sakinləri arasında keçirilən iclasın, 118 sakinin imzası ilə hər sakin üçün ən aşağısı 65 kv. metr təyin olunmaqla, 08 noyabr 2012-ci il tarixli 01 saylı razılaşma protokolu imzalanmışdır.
Bütün sənədlər, 03 iyun 2013-cü il tarixli məktub və sənədlərlə birgə «Aspirantlar yataqxanası» sakinlərinin nümayəndəsi tərəfindən, AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdim olunmuşdur. Lakin sonradan yataqxana sakinlərindən məlumatsız AMEA rəhbərliyi əvvəlki rəhbərliyin imzasına məhəl qoymadan yenidən, 04 iyun 2013-cü il tarixdə 97 saylı AMEA prezidentinin sərəncamı ilə komissiya yaratmış və komissiyanın qarşısında 15 gün müddətinə işini yekunlaşdırıb ətraflı məlumat verilməsi tələbi qoyulmuşdur. Komissiyanın yaradılmasından bir aydan artıq vaxt keçsə də fəaliyyəti barədə məlumat olmamışdır. Birinci komissiyanın yaradılmasından 45 gün keçəndən sonra, 16 iyul 2013-cü il 147 saylı eyni məzmunda, fərqli tərkibli komissiya yaradılması ilə bağlı sərəncam imzalanıb. Bir hüquqçu kimi anladığım budur ki, yeni rəhbərliyin bu sonuncu addımı yeni binadakı mənzillərin 118 yataqxana sakininin əvəzinə kənar şəxslərə satılması məqsədilə prosesi uzatmaq və mürəkkəbləşdirmək məqsədi güdür. Bu addımın qüvvədə olan Konstitusiyanın 43 maddəsinin, eləcə də Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu açıqdır. Sadəcə ölkə prezidenti tərəfindən əsası qoyulmuş bu xoşməramlı layihəyə və eyni zamanda yuxarı-aşağı, 6 - 30 il müddətinə Aspirant kimi daxil olub hələ də yataqxanada yaşayan, ən azından ailə tərkibi 4 nəfərdən ibarət olan, bəzi hallarda isə ömürlərini elmə sərf edib ailə həyatı belə qurmayan, indiyə qədər mənzil sahibi olmayan 118 yataqxana sakininə AMEA rəhbərliyi tərəfindən belə laqeyd münasibətin izahını verməkdə çətinlik çəkirəm. Mənzillər kənar şəxslərə satılandan sonra gedib ölkə prezidentinə bu adamlar necə yalan məlumat verəcəklər? Burada axı söhbət elm adamlarının, onların ailələrinin insan kimi yaşamaq hüququndan gedir. Həm də o elm adamları ki, illərdir ümumi sahəsi 20 kv. metr olan bərbad şəraitli bir otaqda ailəliklə yaşamağa məhkum olmuşlar. Əksinə, AMEA rəhbərliyi alimlərin hüquqlarını qorumaq üçün çalışmaq əvəzində, kommersant düşüncəsi ilə davranışı ortaya qoyurlarsa, buna cəmiyyətin düşünən insanları mütləq öz etirazlarını bildirməlidirlər.