Modern.az

"Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq" - ABŞ səfiri

"Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq" - ABŞ səfiri

Ölkə

15 Fevral 2024, 15:32

Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.

 

O, Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.

 

Səfir keçən aylar ərzində Azərbaycan-ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqların, əlaqələrdə gərginliyin olduğunu və Azərbaycan tərəfindən tənqidlər səsləndiyini qeyd edib: “Biz Azərbaycanı hər zaman müstəqil, güclü, heç bir qonşusunun təzyiqinə məruz qalmayan və qonşuları ilə sülh şəraitində yaşayan ölkə kimi görmək istəyirik. Bu, həm ABŞ-nin, həm də Azərbaycanın marağındadır”.

 

Diplomat əlavə edib ki, onun gündəliyi müsbətdir: “Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm”.

 

Səfir Mark Libbi son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.


“Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, - ABŞ səfiri vurğulayıb.

 

Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb: “Biz Azərbaycanın ərazisində hər hansı qurumu tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər