Azərbaycanda hansı məmura tibb sahəsinin vəziyyəti barədə sual ünvanlasan, “hər şey yaxşıdır, səhiyyəmiz inkişaf edir” deyə cavab verəcək. Amma səhiyyəmizin inkişafından ağızdolusu danışan məmur təbəqəsinin nəinki yüksək, hətta orta çinli nümayəndələri, eyni zamanda imkanlı şəxslər müalicə və müayinə üçün xarici ölkələrə üz tuturlar. O zaman ortaya məntiqi sual çıxır: Azərbaycan səhiyyəsinin inkişafından danışırsınızsa, niyə sağlamlığınızı öz həkimlərimizə etibar etmirsiniz?
Araşdırmalarımız göstərir ki, məmur təbəqəsindən olanlar hətta dərmanları belə, Azərbaycandan almırlar. Müşahidələrə görə, Azərbaycan məmurları, imkanlı şəxslər müalicə və müayinə olunmaq üçün Almaniya, Türkiyə, Rusiya, İran, İsrail, Amerikaya gedirlər. “Məmur ona görə xaricə üz tutur ki, onun imkanı var”
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin rəsmisi Səfayə Məmmədova Modern.az-a deyib ki, imkanlı şəxlərin və məmurların müalicə üçün xaricə üz tutması halları elə də çox deyil: “Bu azad seçimdir. Məmur ona görə xaricə üz tutur ki, onun imkanı var. Mən bunu Azərbaycan səhiyyəsinə güvənməməklə bağlamazdım. Bu gün bizim səhiyyəmiz heç də xarici ölkələrin səhiyyəsindən geri qalmayıb. Azərbaycandakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar və hər cür şərait var. Bizim həkimlərin də bəziləri xaricdə işləyirlər. Bu da təbii ki, onların öz seçimidir. Hətta bu yaxınlarda belə bir hadisə olmuşdu. Azərbaycanlı bir gənc Türkiyəyə müalicə olunmağa gedib. Orada müalicəsini bitirdikdən sonra məlum olub ki, onu Azərbaycanlı həkim sağaldıb. Yəni bu cür faktlar da var. Həmçinin xarici ölkələrdən gəlib, bizim özəl tibb müəssisələrində işləyən həkimlər var”.
S.Məmmədovanın deməsinə görə, Azərbaycan həkimləri xarici ölkələrdə keçirilən təlimlərdə mütəmadi olaraq iştirak edir, təcrübələrini artırırlar: “Bildiyiniz kimi, Azərbaycana yeni tibbi avadanlıqlar gətirilir. Bu avadanlıqlarla necə işləmək qaydasını öyrənmək üçün həkimlərimiz xaricə kurslara və treninqlərə göndərilir. Bundan başqa, həkimlərimiz xarici təcrübəni mənimsəmək üçün inkişaf etmiş ölkələrdə, əsasən Rusiya, Ukrayna, Almaniya və Türkiyədə təkmilləşdirmə kurslarında iştirak edirlər. Həmçinin xarici ölkələrdən mütəxəssislər Azərbaycana dəvət olunur. Onlar burada həkimlərimizə kurslar keçirlər”.
Səfayə Məmmədova Azərbaycan səhiyyəsinin xarici ölkələrin səhiyyəsindən heç də geri qalmadığını deyir: “Xarici ölkələrdən Azərbaycanın dövlət tibb müəssisələrinə gələn həkimlər yaradılan şəraitlə, həkimlərimizlə tanış olduqdan sonra təəcüblənirlər. Onlar 1 saylı Doğum Evi, Tallassemiya Mərkəzi, Oftomotologiya İnstitutu və başqa dövlət xəstəxanaları ilə tanış olublar. Hətta bizə deyiblər: “Sizdə dövlət xəstəxanaları bu cür gözəl şəraitlidir. Xarici ölkələrdə yalnız özəl klinikalarda bəlkə belə şərait olar””.
“Məmur Azərbaycan səhiyyəsinə niyə etibar etmir?”
Professor Adil Qeybulla isə məmurların müalicə olunmaq üçün xaricə üz tutmalarının səbəbini onların Azərbaycan səhiyyə sisteminə etibar etməmələri ilə əlaqələndirir: “Hər halda bu yaxşı əlamət deyil. Amma təəssüf ki, bu həm də reallıqdır. Bu məsələ nəinki məmurlara, hansısa bir imkanlı insanlara da aiddir. Hər hansı bir şəxs imkan və fürsət tapan kimi xaricdə müalicə olunmağa üstünlük verir. Bu yerli həkimlərə inamsızlıqdan, yerli səhiyyəyə güvənsizlikdən irəli gəlir”. A.Qeybullanın sözlərinə görə, bu, həm də psixoloji amillə faktorla ağlıdır, yəni belə adamlarda bir düşüncə formalaşıb ki, yerli həkimə yox, xarici həkimə üstünlük vermək lazımdır. “Təəsüf ki, bəzi lallarda milli atributlara, milli strukturlara, milli xidmətə olan güvənlik yoxdur. Yəni bu, səhiyyədə deyil, məsələ təhsil və ictimai həyatın bütün sahələrinə aiddir. Azərbaycanın müqəddəs bayramı olan 28 May Respublika Gününü insanların çoxu qeyd etmir, bu haqda heç nə bilmir. Amma Azərbaycana aid olmayan bayramları, tutaq ki Valentin gününü çox gözəl tanıyırlar. Bütün bunların hamısı milli şüurla bağlıdır. Burada həmçinin xeyli psixoloji problemlər də var”.
“Bizim həkimlərin əksəriyyəti Rusiya tibb məktəbinin yetirmələridir” A.Qeybulla Azərbaycan həkimləri ilə xarici həkimləri müqayisə edərkən onlar arasında böyük fərqlərin olduğunu deyir: “Bizim həkimlərin böyük əksəriyyəti Rusiya tibb məktəbinin yetirmələridir. Məsələ orasındadır ki, Rusiya tibb məktəbi ilə Qərbin tibb məktəbi arasında xeyli fərqlər var. Etiraf edək ki, səhiyyə sahəsində Qərb tibb məktəbləri irəlidədir. Hazırda Qərb təbabəti daha çox biznesə, xəstələrin klinikada yatmasını mümkün qədər qısaldan və erkən aktivləşdirilməsini şərtləndirən ambulator xidmətə əsaslanan təbabət xidmətidir. Xəstə əməliyyat olunduqdan bir-iki sutka sonra xəstəxananı tərk edir və gedib ambulator şəraitdə müalicə olunur. Bu sistem Azərbaycan səhiyyəsində yoxdur. Azərbaycandan xaricə gedən insanlar cərrahiyyə əməliyyat üçün gedirlər. Təbii ki, adi müayinələr üçün də gedənlər var. Ona görə də cərrahlıq daha aktiv bir prosesə çevrilməli və cərrahiyyə əməliyyatları aktivləşdirilməlidir”.
Professor bəzi hallarda xaricdə edilən əməliyyatların hamısının heç də uğurlu sonuclanmadığını deyir: “Xaricə müalicə olunmağa üz tutan imkanlı şəxs bəzən problemlə üzləşməli olur. Bəzi hallarda insanlar xaricdə müalicənin nəticəsindən məmnun qalmırlar. Onlar görürlər ki, Azərbaycanda tibb mütəxəssisləri daha diqqətlidirlər”.
“...bu bir zaman məsələsidir”
Adil Qeybullanın sözlərinə görə Azərbaycan həkimlərinin xarici ölkələrlə təcrübə mübadiləsi zəifdir: “Azərbaycanda xarici təcrübə mübadiləsi ilə bağlı dövlət proqramı hazırlanıb. Ancaq ona ayrılan vəsait yetərincə deyil. Bu gün Azərbaycan həkimlərinin Türkiyə tibb mərkəzləri ilə sıx əməkdaşlığı var. Həmçinin həkimlərimizin Almaniyada da tibbi təhsil almaları ilə bağlı razılaşma var. Alman dilini bilən həkimlər orada tibbi təhsillərini təkmilləşdirə bilərlər. Bu təhsili başa vuran həkimlər artıq konkret bir sahəyə rəhbərlik etmək imkanına malik olurlar. Bu özü kifayət qədər yaxşı bir istiqamətdir. Bunlar genişlənməlidir. Böyük Britaniya, Almaniya, Fransa və ümumiyyətlə Avropanın inkişaf etmiş ölkələrinin səhiyyəsindəki yeniliklər Azərbaycana da gətirilməlidir. Məsələn, İtaliyada sümük köçürmə əməliyyatı çox uğurla aparılır. Həmin ölkələrdə mütəxəssislərimiz yetişdirilməli, onlara Azərbaycanda fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır”.
Adil Qeybulla bütün bunların yeganə alternativ çıxış yolunu Azərbaycan səhiyyəsinin normal strukturda qurulmasında görür: “Mən düşünürəm ki, biz Azərbaycanda elə bir səhiyyə sistemi qurmalıyıq ki, bu Avropa təbabətinin bir hissəsinə çevrilə bilsin və insanlar bunu dərk edib, görsünlər. Ancaq son dövrləri götürsək, Azərbaycan səhiyyəsində xeyli irəliləyişlər var. Məsələn, bu gün bir neçə klinikada ürək əməliyyatları keçirilir”.
Günay MUSAYEVA