Modern.az

Borçalı ziyalıları Bakı-Tbilisi qatarından danışdılar: Prezidentə minnətdarıq!

Borçalı ziyalıları Bakı-Tbilisi qatarından danışdılar: Prezidentə minnətdarıq!

Aktual

Bu gün, 16:57

Gələn həftə - mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunacaq. 6 illik fasilədən sonra yenidən işə düşəcək dəmir yolu əlaqəsi xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandakı əslən Borçalı mahalından olan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanıb.

“Azərbaycan Dəmir Yolları” artıq qatar biletlərinin qiymətini də elan edib.

Modern.az saytı mövzu ilə ilə bağlı Borçalıdan olan ziyalıların fikirlərini öyrənib.

Filologiya elmlər doktoru Şahbaz Musayev: “6 ildən sonra Bakı–Tbilisi–Bakı qatarı ilə sərnişindaşımanın bərpa olunması xəbərini çox böyük sevinclə qarşıladım. Bu məsələni ürəkdən alqışlayıram. Əlbəttə, ilk növbədə hesab edirəm ki, bu, Bakıdan Tbilisiyə, o cümlədən Borçalıya gedən soydaşlarımız üçün müsbət addımdır. Məlumdur ki, insanlar Azərbaycandan Gürcüstana təyyarə ilə uçmalı olurdular və bu da əlavə maliyyə xərcləri demək idi. Bundan sonra istənilən şəxs Bakı–Tbilisi–Bakı qatarının xidmətindən istifadə edə biləcək.

Hesab edirəm ki, bu qərar Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumları və yaxınları ilə əlaqələrinə olduqca müsbət təsir göstərəcək. Bu qərara görə xüsusi təşəkkürümü bildirirəm.

Quru sərhədlərinin bağlı olmasına baxmayaraq, Azərbaycan tərəfinin belə addım atması məsələyə kifayət qədər humanist yanaşmanın göstəricisidir. Bu, həm də Azərbaycan-Gürcüstan münasibətlərindən irəli gələn məsələdir. Kifayət qədər yüksək qiymətləndirilməli jestdir.

Xüsusi karantin rejimi dövründə, quru sərhədlərinin bağlı olduğu bir vaxtda Azərbaycan tərəfinin Bakı–Tbilisi qatarı ilə sərnişin daşınmasına icazə verməsinə həm də Azərbaycan-Gürcüstan münasibətləri kontekstində baxmaq lazımdır. Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəlidir və yüksək səviyyədə inkişaf edir. İnsanlar bu qərardan çox razıdırlar. Yaxın ətrafımdakı tanışlardan nümunə gətirə bilərəm ki, adamlar bir-birilərinə müjdə verirlər. Hamı bu xəbəri razılıq hissi ilə qarşılayır”.

Şair, "Qızıl Qələm" mükafatçısı Nəsrəddin Musayev: “Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin bağlı qalması orada yaşayan soydaşlarımız arasında böyük narazılıqlara səbəb olmuşdu. Artıq 6 ildən çoxdur ki, quru sərhədləri bağlıdır.

Bir neçə gün öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Prezident İlham Əliyev arasında əldə olunan razılığa əsasən, Bakı–Tbilisi qatarı vasitəsilə sərnişindaşımanın bərpasına dair qərar qəbul olunub. Mayın 26-sı Gürcüstanın Müstəqillik Günü olduğundan, mən bu addımı ölkə başçımız tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız və gürcü xalqı üçün bayram hədiyyəsi kimi qəbul edirəm.

Bu, ölkə başçımızın Borçalıda yaşayan soydaşlarımıza göstərdiyi daimi qayğının bariz nümunəsidir. Bir daha bu münasibətlə ölkə başçımıza dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Əlbəttə, narazılıqlar çox idi. Doğmalarla gediş-gəliş çətinləşmişdi. Artıq bu həsrətə son qoyuldu. Qatarların fəaliyyətə başlaması gələcəkdə avtomobil yolunun da açılmasına təkan verəcək”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ziyadxan Budaq: “Dünəndən bəri Azərbaycan xalqını və Gürcüstanda yaşayan soydaşlarımızı böyük sevinc hissi bürüyüb. Hamı şadyanalıq içərisindədir. 6 il ərzində quru sərhədlərinin, eləcə də Azərbaycanla Gürcüstan arasındakı dəmir yolu xəttinin bağlı olması səbəbindən gediş-gəlişdə müəyyən problemlər yaşanırdı. Əlbəttə, bu vəziyyət soydaşlarımız üçün heç də əlverişli deyildi.

Təbii ki, bu, dövlət rəhbərliyi səviyyəsində həyata keçirilmiş tədbir idi. Gürcüstanla Azərbaycan arasında tarixən mövcud olan iqtisadi və mədəni əlaqələr səbəbindən bu münasibətlərin bərpası zaman-zaman həm Gürcüstan, həm də Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olub.

Geniş ictimaiyyət də bu əlaqələrin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir, dövlət başçılarına müraciətlər ünvanlayırdı. Böyük minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, hər iki ölkənin rəhbərliyi xalqın bu istəyini nəzərə alaraq qarşılıqlı razılıq əsasında qatarın fəaliyyətə başlamasına qərar verib.

Təbii ki, bunu alqışlayır və təqdir edirik. Bu qərar həm Borçalıdan olan Azərbaycan vətəndaşlarının, həm də Azərbaycandan Gürcüstana getmək istəyən insanların ürəyincədir. Burada mədəni əlaqələrin daha da genişlənməsi amili də ön plana çıxır.

Gediş-gəliş həm turizmin inkişafına, həm də Azərbaycanda yaşayan Borçalı əsilli insanların həyatında müəyyən müsbət dəyişikliklərə səbəb olacaq. İndiyədək hava nəqliyyatından istifadə zamanı çətinlik yaşayan insanlar artıq yeni imkanlardan istifadə edərək daha rahat və qənaətli şəkildə səfər edə biləcəklər.

Azərbaycan və Gürcüstan rəhbərliklərini ürəkdən alqışlayır, təşəkkürümüzü bildiririk. Gürcüstan tarixən Azərbaycanın ən yaxın dostu, qonşusu və müttəfiqi olub. Azərbaycanın beynəlxalq layihələrinin həyata keçirilməsində Gürcüstanın da böyük rolu var. “Bakı–Supsa”, “Bakı–Ərzurum” və digər mühüm layihələrin reallaşmasında Gürcüstanın dəstəyi mühüm rol oynayıb.

Biz Gürcüstanla Azərbaycanın müttəfiqliyini bu baxımdan yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycan-Gürcüstan arasında quru sərhədləri yaxın zamanda tam açılacaq və insanlar arasında gediş-gəliş bərpa olunacaq. Ölkələrimizə bu sahədə uğurlar və firavan həyat arzulayıram”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Abbas Quvalov: “Demək olar ki, çox yerində verilmiş qərardır. Hər iki tərəfdən bu məsələnin həll olunması, yəni quru sərhədlərinin bağlı olmasına baxmayaraq, gediş-gəlişin asanlaşdırılması olduqca təqdirəlayiq təşəbbüsdür.

Borçalılıların öz vətəninə gedib-gəlməsi çətinləşmişdi. Çünki bəzən təyyarə bileti tapmaq problemə çevrilirdi. Bundan əlavə, orada yaşayan qohum-əqrəbalarımızla əlaqələrimiz getdikcə zəifləyirdi.

Bu əlaqələrin yenidən yaxınlaşması, doğmalarımızla görüşmək imkanı əldə etməyimiz, həmçinin Gürcüstanın elm, təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən alimləri ilə münasibətlərin genişlənməsi baxımından qatarın fəaliyyətə başlaması çox müsbət addımdır.

Mənim kimi bir çox ziyalı insanlar da bu təşəbbüsü alqışlayırlar. İnşallah, mayın 26-dan sonra gediş-gəlişimiz daha rahat olar və əlaqələrimiz daha da möhkəmlənər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı