
“Son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bildirib.
Nazir deyib ki, iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunub, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulub.
Mikayıl Cabbarov bildirib ki. Prezidentin tapşırığına əsasən, ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat alıb. Bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açıb.
”Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir”.
Nazir təəssüf hissi ilə qeyd edib ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da var. “Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır”.
Təhsil naziri bildirib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılıb. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.
”Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq”.
Nazir deyib ki, yeni atılmış addımlardan biridə məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasıdır.
”Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk”.
M.Cabbarovun sözlərinə görə, son 25 ildə ilk dəfə olaraq peşə məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası sifariş olunub, habelə internat və idman məktəbləri üçün yeni avtobuslar alınıb.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər.
Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda yeni proqramın layihəsi üzərində iş gedir.
”Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanmışdır”.
Nazir deyib ki, ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcək.
”Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə “sabah qrupları”nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaqdır”.
M.Cabbarov Təhsil Nazirliyinin Aparatında struktur dəyişikliklərinin edilməsindən də danışıb.
”Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır”.
A.Qorxmaz