Dünya dövlətlərinin Azərbaycana etimad göstərdiyi, diplomatiyamızın uğurlarının yüksək qiymətləndirildiyi bir vaxtda Belçika və Niderland parlamentlərinin ölkəmizin imicinə kölgə salmaq cəhdləri qəbuledilməzdir. Təəssüf doğuran haldır ki, bu parlamentlərin qəbul etdiyi qətnamələrdə reallığı əks etdirən ciddi faktlar yoxdur.
Bu sözləri Modern.az-a açıqlamasında deputat Tahir Rzayev bildirib.
Deputat qeyd edib ki, sözügedən sənədlərdə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülür:
“Yalan və şantaj xarakterli iddialarla Azərbaycan guya ermənilərə qarşı zorakılıqda, onların qovulmasında, günahsız şəxslərin həbsində ittiham olunur. Hətta ölkəmizdə erməni xalqına qarşı nifrət təbliğ edildiyi iddia edilir. Halbuki bu kimi yanaşmalar beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir”.
T.Rzayev vurğulayıb ki, bu qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə ciddi zərbə vurur:
“Bu, həm beynəlxalq hüququn pozulması, həm də Azərbaycanın suverenliyinin inkarıdır. Eyni zamanda regionda sülh və təhlükəsizliyin bərqərar olmasına maneə yaradır, təcavüzkar qüvvələrin ruhlandırılmasına xidmət edir. Müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin müdafiəsi isə əslində cinayətkarlığa ortaq olmaq deməkdir”.
Deputat əlavə edib ki, bu cür addımlar həm də 2025-ci il avqustun 8-də Varşavada imzalanmış razılaşmaların ruhuna ziddir:
“Hazırda Ermənistan-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunur. Hər iki ölkənin rəhbərliyi sülh müqaviləsinin imzalanmasına yaxın olduqlarını bildirir. Ermənistanda da sağlam düşüncəli insanlar yeni müharibənin ölkələri üçün ağır nəticələr doğuracağını anlayırlar. Belə bir şəraitdə Niderland və Belçika parlamentlərinin vəziyyəti gərginləşdirməyə yönələn addımları yalnız təəssüf doğura bilər”.
T.Rzayev sonda qeyd edib ki, Azərbaycan ictimaiyyəti bu qətnamələri əsassız və qərəzli hesab edir:
“Bu kimi sənədlər indiyədək dəfələrlə qəbul olunub və zamanla tarixin arxivinə çevrilib. Hesab edirik ki, hazırkı qətnamələr də eyni aqibəti yaşayacaq və gələcək üçün heç bir müsbət nəticə verməyəcək”.