Modern.az

Çimərlik mövsümü başlayır: FHN-dən əhaliyə çağırış

Çimərlik mövsümü başlayır: FHN-dən əhaliyə çağırış

Ölkə

Bu gün, 17:15

Azərbaycanda çimərlik mövsümü hər il iyunun 15-dən etibarən başlayır. Bu tarixdən etibarən Abşeron yarımadasında yerləşən çimərliklərə üz tutanların sayı artır. Mövsümün başlanma və bitmə vaxtı hava şəraitindən asılı olaraq dəyişsə də, ümumilikdə çimərlik mövsümü iyunun əvvəllərindən sentyabrın əvvəlinədək davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar hər il olduğu kimi bu il də zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Onun sözlərinə görə, cari ilin aprel ayından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib.

“Monitorinqlərin əsas məqsədi istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsi olub.

Bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb. Vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması məqsədilə maarifləndirici lövhələr yerləşdirilib”.

FHN rəsmisi bildirib ki, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub:

“Xidmətin balansında olan texnika və vasitələr, o cümlədən dalğıc-axtarış işlərində istifadə olunan avadanlıqlar tam işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Ümumilikdə, Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümünə tam hazırdır.

Vətəndaşlara müraciət edirik ki, çimərlik seçərkən diqqətli olsunlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin təmin edilmədiyini göstərir və belə yerlərdən istifadə təhlükəli hesab olunur.

Həmçinin nəzərə almaq lazımdır ki, çimərlikdə təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatı mühüm əhəmiyyət daşıyır. Qanunvericiliyin tələblərinə əsasən, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda dənizə girmək qadağandır. Hava qaraldıqdan sonra suya daxil olmaq da təhlükəlidir.

Nəzarət olunan çimərliklərdə xilasedicilərin tələblərinə və maarifləndirici lövhələrdə göstərilən qaydalara sözsüz əməl edilməlidir.

Küləkli havada və dalğalı dənizdə suya girmək, kobud hərəkətlər etmək, üzmə sərhədlərini müəyyən edən nişanları keçmək, çimərlik ərazisində balıq ovlamaq, xilasedici texnikanın və digər su nəqliyyatı vasitələrinin hərəkət etdiyi zonalara daxil olmaq, həmçinin spirtli içki qəbul etdikdən sonra suya girmək qadağandır.

13 yaşınadək uşaqlar yalnız valideynlərinin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdırlar.

Çimərliklərdən təhlükəsiz istifadə vaxtı hər gün saat 09:00-dan 20:00-dəkdir”, - deyə rəsmi məlumatda qeyd olunub. 

Məlumat üçün bildirək ki, Abşeron yarımadasında yerləşən çimərliklər ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində fəaliyyət göstərən çimərliklər və sərbəst sahələr olmaqla bir neçə kateqoriyaya bölünür. Bu çimərliklərin hər birində mövsümə hazırlıq işlərinə aprel-may aylarından başlanılır. Xüsusilə özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazilər abadlaşdırılır, istirahət üçün zəruri şərait yaradılır. Hazırlıq prosesinə çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul qurumların nümayəndələri və FHN əməkdaşları da cəlb olunur. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi yoxlamalar aparılır.

Abşeron yarımadasında Şıx, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı çimərliklərində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ictimai çimərliklər yaradılıb. Layihə Birliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü əsasında həyata keçirilib. Dənizkənarı ərazilərdə yaradılan bu çimərliklər paytaxt sakinlərinə və qonaqlara ödənişsiz xidmət göstərir.

Qeyd edək ki, ictimai çimərliklərə giriş tamamilə pulsuzdur və burada göstərilən xidmətlərə görə heç bir ödəniş tələb olunmur. Özəl çimərliklərə giriş də ödənişsizdir, lakin kafelərdən, güllüklərdən, sanitariya qovşaqlarından və digər xidmətlərdən istifadə üçün ayrıca ödəniş alınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var