Azərbaycanın aqrar sektorunda su çatışmazlığı, torpaqların deqradasiyası, iqlim dəyişiklikləri və maliyyəyə çıxış problemləri əsas çağırışlar olaraq qalır. Ekspertlər hesab edirlər ki, bu problemlərin aradan qaldırılması ərzaq təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Modern.az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Rəşad Hüseynov bildirib ki, aqrar sahədə ən ciddi problemlərdən biri resurs və ətraf mühit təzyiqləridir. Onun sözlərinə görə, ölkədə istifadə olunan suyun 71 faizi kənd təsərrüfatının payına düşür, suvarma zamanı isə təxminən 40 faiz itki qeydə alınır.
"Torpaq ehtiyatları ilə bağlı vəziyyət də narahatlıq doğurur. Hazırda 1 milyon hektara yaxın torpaq sahəsi deqradasiyaya məruz qalıb. Eyni zamanda iqlim dəyişiklikləri nəticəsində temperatur və yağıntı göstəricilərində dəyişkənlik müşahidə olunur ki, bu da kənd təsərrüfatına birbaşa təsir göstərir", - deyə o qeyd edib.
Mərkəz direktoru vurğulayıb ki, struktur və iqtisadi problemlər də sektorun inkişafını məhdudlaşdıran əsas amillərdəndir.
"Torpaq sahələrinin kiçikparçalanmış olması istehsalın səmərəliliyinə mənfi təsir göstərir. Hazırda bir fermerə orta hesabla 1,8 parsel düşür, bir parselin orta ölçüsü isə 2 hektardır. Bundan başqa, texnika parkının əsas hissəsini köhnə və ənənəvi texnikalar təşkil edir", - o bildirib.
Rəşad Hüseynovun sözlərinə görə, aqrar emal sahəsində mənfi ticarət balansı 1,7 milyard ABŞ dolları təşkil edir. O əlavə edib ki, kənd təsərrüfatı ixracının böyük hissəsi məhdud sayda bazarlardan asılıdır:
"2025-ci ildə aqrar məhsul ixracında Rusiyanın payı 55 faiz, Türkiyənin payı 15 faiz, Gürcüstanın payı isə 6 faiz olub".
O qeyd edib ki, maliyyəyə çıxış imkanları da məhduddur. Belə ki, 2025-ci ildə əsas kapitala yönəldilən investisiyalarda aqrar sektorun payı cəmi 1,9 faiz təşkil edib.
Mərkəz direktoru sosial və demoqrafik amillərə də diqqət çəkib. Onun sözlərinə görə, 2040-cı ildə Azərbaycan əhalisinin sayının 11-12 milyona çatacağı gözlənilir ki, bu da ərzaq tələbatının daha da artmasına səbəb olacaq.
"Son on ildə kənd əhalisinin payı 46,9 faizdən 45,6 faizə düşüb. Urbanizasiya prosesləri və kənd təsərrüfatının yeni inkişaf mərhələsi ixtisaslı kadrlara tələbatı artırır", - deyə o vurğulayıb.
Rəşad Hüseynov əlavə edib ki, qlobal və regional münaqişələr, eləcə də pandemiyalar aqrar-ərzaq tədarük zəncirində fasilələr və qiymət sabitliyi ilə bağlı risklər yaradır.