Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birinci buraxılış mərasimi keçirilib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Kənan Seyidov və digər vəzifəli şəxslər iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra Naxçıvan Hərbi Kollecinin rəisi buraxılış mərasiminə hazırlıq barədə Əlahiddə Ümumqoşun Ordunun komandanına məruzə edib.
Mərasimdə çıxış edən general-leytenant Kənan Seyidov məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə sədaqətlə xidmət etməyin, hərbi andı daim uca tutmağın və Azərbaycan hərbi qulluqçusu şərəfli adını layiqincə qorumağın vacibliyini vurğulayıb.
Sonra Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, professor, general-mayor Arif Həsənov çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə şərəflə xidmət etməyi, peşəkar hərbi qulluqçu kimi daim inkişaf etməyi arzulayıb.
Mərasimdə Naxçıvan Hərbi Kollecini fərqlənmə ilə bitirən məzunlara Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kənan Seyidov tərəfindən sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra kolleci bitirən digər məzunlara rəhbər heyət tərəfindən sertifikatlar təqdim edilib.
Kolleci birinciliklə başa vuran məzun tərəfindən rəmzi yaş kötüyünə xatirə simvolu vurulub, Naxçıvan Hərbi Kollecinin Döyüş Bayrağının təhvili və qəbulu mərasimi icra olunub.
Tədbir şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.