İranın müharibə ilə sülh arasında qeyri-müəyyən vəziyyətdə qalması ölkənin iqtisadiyyatına, investisiya mühitinə və cəmiyyətdəki sabitliyə mənfi təsir göstərir. Tehran hesab edir ki, bu vəziyyətdən çıxmaq, gələcək siyasi və iqtisadi qərarları dəqiq müəyyənləşdirmək lazımdır.
Modern.az xəbər verir ki, İranın rəsmi İRNA agentliyi bununla bağlı dərc etdiyi analitik məqalədə ölkənin müharibədən sonrakı vəziyyətini, sanksiyaların təsirlərini və qeyri-müəyyənliyin yarada biləcəyi riskləri təhlil edib.
Məqalədə bildirilir ki, İran son bir ildən artıq müddətdə iki müharibə və çoxsaylı sanksiyalarla üzləşib. Hazırda ölkənin nə müharibə, nə də sülh şəraitində olması dövlət idarəçiliyində və iqtisadi qərarların qəbulunda çətinliklər yaradır.
Agentliyin təhlilinə görə, bu vəziyyət iqtisadi, informasiya və psixoloji təzyiqlərin artmasına, eləcə də cəmiyyətdə birliyin zəifləməsinə səbəb ola bilər.
İran iqtisadiyyatını hansı təhlükələr gözləyir?
İRNA-nın yazdığına görə, qeyri-müəyyənlik yalnız dövlət qurumlarının deyil, özəl sektorun və kiçik sahibkarların da fəaliyyətinə təsir göstərir. Belə şəraitdə müəssisələr uzunmüddətli istehsal və inkişaf planları hazırlamaqda, xarici tərəfdaşlarla davamlı əlaqələr qurmaqda və valyuta təminatını proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Məqalədə vurğulanır ki, müharibədən sonra sanksiyaların hansı səviyyədə davam edəcəyi, digər ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları və siyasi gərginliyin gələcək səviyyəsi aydınlaşdırılmalıdır. Yalnız bundan sonra iqtisadi prioritetləri və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək mümkün olacaq.
Qeyd olunur ki, qeyri-müəyyənliyin uzanması sahibkarların istehsal və inkişaf layihələrinə marağını azalda, investisiyaların istehsal sektorundan başqa sahələrə yönəlməsinə səbəb ola bilər. Bunun nəticəsində yeni iş yerlərinin açılması çətinləşə, inflyasiya və sosial bərabərsizlik arta, sənayenin inkişafı ləngiyə bilər.
İnvestorlar gözləmə mövqeyinə keçir
İRNA hesab edir ki, qısa müddət ərzində iki müharibə ilə üzləşmiş ölkədə investorların risklərə münasibəti daha ehtiyatlı olur. Siyasi və iqtisadi sabitliyin nə vaxt bərpa ediləcəyi məlum olmadıqda, sahibkarlar istehsala sərmayə yatırmaqdan çəkinə, mövcud kapitallarını ölkədən çıxarmağa üstünlük verə bilərlər.
Məqalədə bildirilir ki, belə vəziyyət xarici investorların da qərarlarına təsir göstərir. İstehsala investisiyaların azalması təkcə cari iqtisadi göstəricilərə deyil, ölkənin gələcək onilliklərdəki inkişaf potensialına da zərər vura bilər.
İRNA-nın təhlilində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə də istinad edilir. Onun sözlərinə görə, ölkənin uzunmüddətli mühasirə şəraitində qalması iqtisadi itkilərə səbəb olacaq, ailələr əlavə xərclərlə üzləşəcək və investisiyalar zərər görəcək.
Qeyri-müəyyənlik cəmiyyətə də təsir edir
Məqalədə qeyd olunur ki, müharibə ilə sülh arasında davam edən qeyri-müəyyənlik cəmiyyətin psixoloji vəziyyətinə və sosial sabitliyə də təsirsiz ötüşmür.
Təhlillərə görə, gələcəyin necə olacağına dair aydın təsəvvürün olmaması insanları ehtiyatlı davranmağa vadar edə bilər. Bu, ərzaq ehtiyatlarının yığılması, yanacaqdoldurma məntəqələrində növbələrin yaranması və xarici valyutaya tələbatın artması kimi hallarla müşayiət oluna bilər.
Məqalədə vurğulanır ki, sosial dayanıqlılığın qorunması iqtisadi sabitlikdən də asılıdır. Əhalinin gələcəklə bağlı gözləntiləri qeyri-müəyyən qaldıqda, cəmiyyətdəki etimad və əməkdaşlıq mühiti zəifləyə bilər.
İran informasiya müharibəsi riskindən də danışır
Təhlildə “nə müharibə, nə sülh” vəziyyətinin informasiya və psixoloji mübarizə üçün də əlverişli şərait yaratdığı iddia olunur.
Agentlik hesab edir ki, siyasi gərginlik fonunda yayılan ziddiyyətli məlumatlar və şayiələr daxili bazarlarda qeyri-sabitliyi gücləndirə bilər. Valyuta məzənnələrində və əmtəə bazarlarında baş verən dəyişikliklərin bir hissəsinin siyasi hadisələrə dair gözləntilərdən və psixoloji təzyiqdən qaynaqlana biləcəyi qeyd edilir.
Məqalədə İran Prezidenti Məsud Pezeşkianın ölkənin qeyri-müəyyənlik vəziyyətindən çıxmasının vacibliyi ilə bağlı mövqeyi də önə çəkilir. Pezeşkian daha əvvəl bu vəziyyətdə planlaşdırma aparmağın çətin olduğunu bildirərək ölkənin gələcək istiqamətinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Tehran gələcək üçün aydın yol xəritəsi istəyir
İRNA-nın yazısında İranın siyasi və iqtisadi gələcəyinin planlaşdırılması üçün mümkün ssenarilərin əvvəlcədən nəzərə alınmasının vacibliyi qeyd olunur. Bunun üçün müharibə və sülh ehtimalları, sanksiyaların davam etmə səviyyəsi, xarici ölkələrlə münasibətlərin perspektivləri və iqtisadi risklər üzrə konkret planların hazırlanması təklif edilir.
Məqalədə vurğulanır ki, ölkənin qeyri-müəyyən vəziyyətdə uzun müddət qalması resursların tükənməsinə və inkişaf imkanlarının itirilməsinə səbəb ola bilər.