Türk dünyasının birliyinin möhkəmləndirilməsi bu gün yalnız mədəni və tarixi məsələ deyil, həm də geosiyasi və strateji zərurətdir. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər əsasında formalaşan bu birlik son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasət isə türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır.
İyunun 29-dan iyulun 3-dək Bakıda keçirilən "Türk Dünyası Həftəsi" bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbirin əsas məqsədi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyini qeyd etməklə yanaşı, ortaq türk irsinin qorunması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşündə Birinci Türkoloji Qurultayın 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyd olunmasını təklif etmişdi. Bu təşəbbüs artıq reallığa çevrilib və Azərbaycanın TDT-yə sədrliyi dövründə keçirilməsi tədbirə xüsusi rəmzi məna qazandırır.
Bir əsr əvvəl Bakıda təşkil olunan Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi yaxınlaşması istiqamətində tarixi dönüş nöqtəsi idi. Həmin dövrdə vahid əlifba, ortaq dil siyasəti və türk xalqları arasında elmi əməkdaşlıq kimi məsələlərin müzakirəyə çıxarılması gələcək inteqrasiya proseslərinin əsasını qoydu. Bu gün Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi humanitar layihələrin ideya bazasında da məhz həmin qurultayın irəli sürdüyü prinsiplər dayanır.
"Türk Dünyası Həftəsi"ndə iştirak edən dövlət başçılarının müraciətləri də bunu bir daha təsdiqlədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurultayın türk dünyasında ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynadığını vurğuladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın türk dünyasında xüsusi yer tutduğunu bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarov 100 il əvvəl Bakıda "Dildə, fikirdə və əməldə birlik" ideyasının əsasının qoyulduğunu qeyd etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Qurultayı türk xalqlarının elmi və mədəni həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxışında bildirdi ki, yüz il əvvəl səsləndirilən ideyalar bu gün də öz aktuallığını qoruyur və təşkilatın fəaliyyəti həmin prinsiplərin müasir dövrdə uğurla davam etdirilməsinə xidmət edir.
Azərbaycan türk dünyasının inteqrasiyasına yalnız siyasi bəyanatlarla deyil, konkret təşəbbüslərlə töhfə verir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı böyük iqtisadi, siyasi və demoqrafik potensiala malik ailədir və bu potensialın tam reallaşması yalnız ortaq fəaliyyət nəticəsində mümkündür. Bu gün nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, təhsil və humanitar əməkdaşlıq kimi sahələrdə həyata keçirilən layihələr də məhz bu strateji baxışın nəticəsidir.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər də türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə yeni impuls verdi. Son beş ildə Türk Dövlətləri Təşkilatının institusional inkişafı, keçirilən zirvə görüşləri və qəbul olunan qərarlar bu birliyin artıq regional deyil, qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platformasına çevrildiyini göstərir.
Bu baxımdan "Türk Dünyası Həftəsi" yalnız yubiley tədbiri deyil, ortaq tarixdən gələcəyə uzanan inkişaf strategiyasının mühüm mərhələsidir. Tarixi irsimizin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması türk dünyasının daha da güclənməsinə, ortaq kimliyin möhkəmlənməsinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada təsir imkanlarının artmasına xidmət edəcək. Bu isə həm Azərbaycanın, həm də bütövlükdə türk dünyasının gələcək inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır.
Malik Həsənov,
Milli Məclisin deputatı