Modern.az

Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır

Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır

Ölkə

Bu gün, 13:13

ABŞ-nin Zəngəzur dəhlizində tikinti işlərini maliyyələşdirəcək TRIPP+ investisiya fondunun rəhbəri Konstantin Sokolov Ermənistanda Teğut mis-molibden yatağının sahibi olub.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Teğut mədəninin yeni sahibi ABŞ-nin Texas ştatında qeydiyyatdan keçmiş Dynamic Frontier Holdings şirkəti olub. Şirkətə məhz Konstantin Sokolov rəhbərlik edir.

Teğut Ermənistanda mis və molibden ehtiyatlarına görə ikinci ən böyük yataq hesab olunur. Mədənin resursları təxminən 450 milyon ton filiz həcmində qiymətləndirilir.

Yatağı istismar edən "Kuprare RA" şirkətinin səhmlərinin yeni sahibinin Dynamic Frontier Holdings olduğu elektron reyestr məlumatlarında əksini tapıb.

Xatırladaq ki, mədən 2018-ci ildə Vallex Group-un maliyyə problemlərindən sonra kredit borclarının ödənilməsi müqabilində Rusiyanın VTB Bankının nəzarətinə keçmişdi. 2024-cü ilin sonuna olan məlumata görə, müəssisənin banka olan borcu 162 milyard dramdan (təxminən 440 milyon dollar) çox olub.

Mediada yayılan məlumatlara əsasən, sövdələşmə bir neçə mərhələdə həyata keçirilib. Əvvəlcə borc VTB-dən üçüncü tərəf vasitəsilə alınıb, daha sonra aktiv ABŞ investoruna ötürülüb. Bəzi mənbələr bu sxemin Qərb sanksiyalarına məruz qalan Rusiya bankı ilə birbaşa əməliyyatdan yayınmaq məqsədi daşıya biləcəyini qeyd edir.

Konstantin Sokolov Ermənistan iqtisadiyyatında yeni sima deyil. O, 2024-cü ildə ölkənin ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın 20 faiz payını əldə edib. Sokolov həmçinin ABŞ-da fəaliyyət göstərən IJS Investments və İsveçrədə yerləşən Gotthard Investment AG investisiya şirkətlərinə rəhbərlik edir. Onun maraq dairəsinə energetika, telekommunikasiya və infrastruktur layihələri daxildir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə