Etibar Əliyev: “Köməkçilər telefonlara cavab verməmək, yarımçıq cavablar verməklə insanları başlarından edirlər”

Ali məktəblərdə fəaliyyət göstərən rektor köməkçilərinin əksəriyyətindən tələbələr, eləcə də valideynlər şikayət edirlər. Şikayətlərdə qeyd edilir ki, köməkçilər onlara rektorla görüşməyə imkan vermir.
Tələbələrin sözlərinə görə, əksər vaxt rektorla görüşüb, dərdlərini və hər hansı mövzu ilə bağlı fikirlərini bildirmək istəsələr də, köməkçilər onlara şərait yaratmır, əksinə onlarla kobud davranır, başlarından edirlər.
Valideyinlər isə iddia edirlər ki, görüş vaxtında belə rektorla ünsiyyət qura bilmirlər.
“Bu gün köməkçilərin əksəriyyəti rektorları “qoruyurlar”. Əslində onların işi rektorla universitetin kafedraları, dekanlıqları ilə əlaqə yaradıb, vətəndaşlarla rektorun görüşünü təşkil etmək olsa da, universitetin yox, rektorların şəxsi işlərini görürlər”.
Bunu Modern.az saytına təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Onun sözlərinə görə, əgər rektorların biznesi varsa, köməkçilər həmin biznesin idarə olunmasına xidmət edir: “Bu, ən çox dövlət universitelərində nəzərə çarpır. Köməkçilər rektorun cangüdən funksiyasını yerinə yetirirlər. Bütün ali məktəblər demək olar ki, hamsı eyni psixologiyaya malikdirlər. Köməkçilər telefonlara cavab verməmək, yarımçıq cavablar verməklə insanları başlarından edirlər”.

Ekspertin fikrincə, rektor köməkçiləri bu gün ali təhsil ocaqlarında ciddi problemə çevriliblər: “Köməkçilər bəzən rektorun bəzi kiçik səlahiyyəhətlərini icra etməyi üzərlərinə götürmürlər. Məsələn, onların fəaliyyəti rektor olmayanda dekanlıqlar və kafedralar arasında əlaqə yaratmaq, rektorluğun hər hansı tapşırığını kafedra və dekanlıqlara çatırmaq olsa da, bunu etmirlər”.
Etibar Əliyev qeyd edib ki, rektor köməkçi vəzifəsinə həddindən artıq mədəni, insanlarla ünsiyyət qurmağı bacaranlar, xüsusilə gənclər seçilməlidir: “Rektorla vətəndaşlar arasında əlaqələrin yaxşılaşmasına çalışmalıdırlar. Yaşlı köməkçilər vəzifələrindən istifadə edirlər. Məsələn, yaşlı insanlar imtahanlara müdaxilə etməyə həvəslidirlər. Onlar tanışlarını, yaxınlarını müəllimlərə tapşırmağa meyllidirlər”.
Hər bir rektorun özünə uyğun köməkçi seçdiyini deyən Etibar Əliyevin fikrincə, əgər bu məsələdə neqativ hal varsa, məsuliyyət rektorların üzərinə düşür:
“Hər rektor öz səviyyəsinə, öz iş prinsipinə uyğun köməkçi seçir. Boloniya sisteminin əsas şərtlərindən biri də universitetin mədəni məkan kimi qəbul edilməsidir. Universitet cəmiyyət üçün açıq yer olmalıdır. Rektorla valideynlərin, tələbələrin görüşləri azad keçirilməlidir. Tələbə yığıncaqlarının qərarları dinlənilməlidir. Lakin hazırda universitetlərdə bu şərait yoxdur. Avtoritar idarəetmə var. Demokratik rektorun demokratik köməkçisi olmalıdır”.
Məltəm TALIBZADƏ