Modern.az

Məscidlərdə işləmək istəyənlər üçün 65 yer - SİYAHI

Məscidlərdə işləmək istəyənlər üçün 65 yer - SİYAHI

Ölkə

Bu gün, 11:39

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Modern.az xəbər verir ki, müsahibə çərçivəsində imam, imam müavini və dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrə vakant yerlərə namizədlər seçiləcək.

İmam vəzifəsi üzrə ümumilikdə 15 vakant yer elan olunub. Vakansiyalar Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarında, həmçinin Xaçmaz, Mingəçevir, Kürdəmir, Cəlilabad, Masallı, Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Şamaxı və İsmayıllıda yerləşən məscid və ibadət evlərini əhatə edir. Xaçmaz rayonunun Xudat şəhərindəki “İmam Hüseyn” məscidində imam vəzifəsi üzrə 2, digər ibadət yerlərində isə hər biri üzrə 1 vakant yer ayrılıb.

İmam müavini vəzifəsi üzrə 37 vakant yer mövcuddur. Bu vəzifə üzrə vakansiyalar Bakı şəhərinin Xəzər, Suraxanı və Qaradağ rayonlarında, eləcə də Abşeron, Xızı, Xaçmaz, Qusar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Yardımlı, Salyan, Neftçala, Qəbələ, Balakən, Ağdam və Qax rayonlarında yerləşən məscid və ziyarətgahlarda elan edilib.

Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə isə 13 vakant yer ayrılıb. Vakansiyalar Bakının Sabunçu rayonundakı Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi, eləcə də Quba, Şabran, Ağdaş, Zərdab, Ucar, Göyçay, Hacıqabul, Ağcabədi və Bərdə rayonlarında yerləşən məscidləri əhatə edir.

Beləliklə, müsahibə çərçivəsində üç vəzifə üzrə ümumilikdə 65 vakant yerin tutulması nəzərdə tutulur.

Müsahibədə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbuluna 13 avqust 2026-cı il saat 09:00-da başlanılacaq. Sənədlər 11 sentyabr 2026-cı il saat 18:00-dək qəbul ediləcək.

Namizədlər şəxsiyyət vəsiqəsinin surətini və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarışı, tərcümeyi-halı, dini ali və ya orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiqlənmiş surətini və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarışı təqdim etməlidirlər. Bundan başqa, sağlamlıq haqqında, narkoloji və ruhi-əsəb dispanserlərindən, eləcə də məhkumluq barədə arayış, dörd ədəd 3x4 ölçülü foto və ərizə tələb olunur.

Namizədlər tələb olunan sənədlərlə yanaşı, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətlərini təsdiqləyən sənədləri də təqdim edə bilərlər.

Sənədlər elektron qaydada [email protected] elektron poçt ünvanına, AMIN informasiya sistemi vasitəsilə və ya kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilə bilər.

Sənəd qəbulu başa çatdıqdan sonra müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat Dövlət Komitəsinin rəsmi internet saytında elan olunacaq.

Qeyd olunub ki, müsahibədə uğur qazanan namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Sizə yeni x var
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...