Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən sonra Norveçə qarşı sərt bəyanatlarla çıxış edib. Oktyabrın 25-i, bazar günü, Miçiqan ştatının Port-Huron şəhərində keçirilən siyasi mitinqdə ABŞ prezidenti Norveçdən olan miqrantları ölkəsində görmək istəmədiyini bildirib.
Modern.az xəbər verir ki, tədbir gələn həftə keçirilməsi planlaşdırılan aralıq seçkilərə bir neçə gün qalmış baş tutub.
Məlumatlara görə, ABŞ prezidenti Skandinaviya ölkəsinə qarşı tənqidlərini daha da sərtləşdirib. O, Norveçi “zibil ölkə” adlandırıb və Osloda yerləşən Nobel Komitəsinin ona Sülh Mükafatı verməməsindən narazılığını ifadə edib. Xatırladaq ki, Tramp uzun müddətdir bu mükafatı əldə etməyə çalışır və istəyini gizlətmir. O, daha əvvəl də nüfuzlu mükafatı almaq üçün komitəyə dəfələrlə təzyiq göstərib.
Fransada baş verən son iğtişaşları miqrasiya ilə əlaqələndirən Tramp bəzi ölkələrdən gələn insanları qəbul etməyə müsbət yanaşacağını, lakin Norveçdən gələnləri istəmədiyini bildirib. O, bunu belə izah edib: “Çünki mən Nobel mükafatını almadım… Buna görə də Norveçdən heç kimi istəmirəm”. Tramp daha sonra “Norveç əslində zibil ölkəyə çevrilib” deyib. O, bundan əvvəl Haiti, Liviya, Somali və Yəmən haqqında da eyni ifadəni işlətmişdi. Daha əvvəl Tramp Nobel Sülh Mükafatının ona verilməməsini Norveç üçün “silinməz ləkə” adlandırmışdı.
Bu ayın əvvəlində BMT-nin İnsan Hüquqları üzrə İdarəsinin keçmiş rəhbəri Navi Pillay mükafata layiq görüldükdən sonra Donald Tramp haqqında istehzalı fikir bildirib və mükafatı onunla bölüşməyi təklif edəcəyinə dair zarafat edib.