Danimarkanın Lolland adasında quş qripi epidemiyası səbəbindən 27 min hind quşunun məhv edilməsi planlaşdırılır.
Modern.az-ın xəbərinə görə, bu barədə yerli Qida İdarəsi məlumat verib.
Yüksək patogenli virusun ocağı Stokkemarke şəhərindəki fermada aşkarlanıb. Bu, bir həftə ərzində qeydə alınan artıq ikinci yoluxma halıdır. Cümə günü isə Slagelse kommunasına daxil olan Beqelunne yaşayış məntəqəsindəki təsərrüfatda infeksiya aşkar edilib. Bundan əlavə, son həftələrdə virus vəhşi quşlarda da qeydə alınıb.
Baytar həkim Mette Kirkeskov xəbərdarlıq edib ki, bu mövsümdə ev quşlarının sahibləri onların vəhşi quşlarla təmasına yol verməməyə xüsusi diqqət yetirməlidirlər.
Quş qripinin insanlara keçməsi olduqca nadir hallarda baş verir. Buna baxmayaraq, Qida İdarəsi insanlara təbiətdə rast gəldikləri zəifləmiş quşlara toxunmamağı tövsiyə edir. Ev quşlarının sahiblərinə isə quşların vəhşi növdaşları ilə təmasını məhdudlaşdırmaq məsləhət görülür.