Ukrayna 2027-ci ildə əlavə olaraq 70 milyard avro yardım cəlb etməyi planlaşdırır. Bu məbləğin təxminən 25 milyard avrosunu Avropa İttifaqına daxil olmayan tərəfdaşların, o cümlədən Kanada və Yaponiyanın ayıracağı gözlənilir.
Modern.az xəbər verir ki, Avropa ölkələri isə Kiyevə 45 milyard avroyadək kredit verilməsi məsələsini müzakirə edirlər. Lakin bu vəsaitlər üzrə maliyyə zəmanətləri məsələsi hələ də həll olunmayıb.
Macarıstan, Çexiya və Slovakiya Ukraynaya ayrılması nəzərdə tutulan yeni Aİ krediti üzrə maliyyə zəmanətləri öhdəliyindən azad edilmələrini tələb ediblər. Məlumata görə, bu üç ölkə kreditlə bağlı öhdəliklərdən istisna olunmaqda israr edir. Beləliklə, onlar vəsaitin geri qaytarılmasına görə məsuliyyət daşımaq istəmirlər.
Berlinin reaksiyası sərt olub. Almaniyalı diplomat üç ölkənin tələbini absurd adlandırıb. O, Kiyevə maliyyə dəstəyində iştirak etmək istəməyən bu ölkələrin eyni zamanda regional inkişaf fondlarından daha çox vəsait əldə etməyə çalışmasına diqqət çəkib.
Diplomatın fikrincə, belə mövqe Avropa İttifaqının büdcəsinin real imkanlarını nəzərə almır.