Avropa İttifaqından təxminən 5,5 min nəfərin deportasiyası həyata keçirilə bilməyib. Adətən bu proseslərə Aİ-nin sərhəd agentliyi Frontex dəstək göstərir.
Modern.az xəbər verir ki, deportasiyaların baş tutmamasına ABŞ və İsrailin İrana qarşı əməliyyatları nəticəsində hava nəqliyyatında yaranan fasilələr səbəb olub.
Sentyabrın 30-na olan məlumata görə, baş tutmayan deportasiya prosedurlarının sayı 5500-ə çatıb. İyul ayında Frontex bu göstəricinin təxminən 4 min olduğunu bildirmişdi.
Həmin vaxt uçuşlar ya birbaşa ləğv edilir, ya da aviasiya fəaliyyətində daha genişmiqyaslı pozuntular yaranırdı.
Regionda Bəhreyn, İran, İraq, Küveyt, Livan, İsrail, Qətər, Suriya və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Bununla yanaşı, 2026-cı ilin ilk altı ayı ərzində Frontex Aİ-dən 33 mindən çox insanın deportasiyasına kömək edib. Onlardan təxminən 21 mini könüllü şəkildə ölkəni tərk edib.
Suriya və İraq vətəndaşları agentliyin dəstəyi ilə deportasiya edilənlərin sayına görə ən böyük 10 milli qrup sırasına daxil olub. Belçika isə bu cür deportasiyaların ən çox həyata keçirildiyi beş Aİ ölkəsindən biri olub.