Dünyanın bir sıra şəhərlərində tarix və mədəniyyətlə bağlı xüsusi “Şəhər Günü” qeyd olunur. Azərbaycanda da müxtəlif şəhərlərin günləri müəyyən edilib. Lakin paytaxt Bakı üçün belə xüsusi gün təsis olunmayıb. Amma belə bir gün təsis oluna bilər.
Bunu Modern.az-a deputatlar söyləyiblər.
Milli Məclisin üzvü Eldar Quliyev:
“Şəhər Günü ilə bağlı beynəlxalq təcrübə var. Azərbaycan paytaxtı ilə bağlı isə belə bir gün yoxdur. İndiyədək bununla bağlı heç bir təklif də olmayıb. Amma sözsüz ki, Bakının uzun illərdən bəri böyük tarixi var”.

Eldar Quliyev bildirib ki, "Bakı Şəhəri Günü"nü müəyyən etmək olar. Onun sözlərinə görə, həmin gün yazda və ya payızda qeyd edilsə, yaxşı olar. Deputat deyib ki, Bakının adı dünyada tanınır və şəhərin inkişafı bu gün də davam edir.
Deputatın sözlərinə görə, “Bakılılar Günü” də rəsmi olaraq yoxdur. Şəhər sakinləri arasında belə bir gün qeyri-rəsmi şəkildə yada salınır, amma bayram kimi qeyd olunmur. E.Quliyev hesab edir ki, həm "Bakılılar Günü"nü, həm də "Bakı Şəhəri Günü"nü təsis etmək mümkündür. Deputat bununla bağlı ağsaqqallarla məsləhətləşmələrin aparılacağını və məsələnin müzakirə ediləcəyini bildirib.
“Hesab edirəm ki, hamımızın buna ehtiyacı var - həm cavanların, həm yaşlıların. Təşəbbüsü müzakirə edib məsləhətləşəcəyik və mümkün olarsa, təklifi irəli sürəcəyik”, – deyə o bildirib.
Deputat Rasim Musabəyov mövzu ilə bağlı öz fikirlərini bölüşüb.

O bildirib ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətilə məsləhətləşmələr aparılmalı, daha sonra Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin də mövqeyi öyrənilməlidir. R.Musabəyovun sözlərinə görə, Milli Məclisə belə bir təşəbbüs daxil olarsa, onun dəstəklənməsi mümkündür. Lakin təşəbbüsün müvafiq qurumlardan irəli sürülməsi daha məqsədəuyğundur.
Rasim Musabəyovun sözlərinə görə, təşəbbüsün irəli sürülməsi və həyata keçirilməsi ilə bağlı əsas məqamlar – tədbirin hansı formada və hansı tarixdə keçirilməsi, eləcə də digər təşkilati məsələlər Bakı Şəhər İcra Hakimiyyəti və yerli bələdiyyələrlə müzakirə olunaraq müəyyənləşdirilməlidir.
“Bu, yalnız bir günün təsis edilməsi ilə yekunlaşan məsələ olmamalıdır. Aidiyyəti qurumlar bir araya gələrək təşəbbüsü ətraflı müzakirə etməli, konkret təkliflər hazırlamalı və müvafiq qərar qəbul etməlidirlər”, – deyə o bildirib.
Nicat Rüstəm