Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev oktyabrın 1-də deputat mandatından məhrum edilib. Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının iclasında onun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb və müraciət təmin olunub.
Qəzənfər Abdullayev 39 saylı Bənəniyar seçki dairəsindən VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdi. MSK-nın məlumatına görə, onun müraciəti araşdırılıb və mandatdan məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşdirilib.
Bəs Naxçıvanda deputat hansı hallarda mandatını itirə bilər?
Modern.az bunu dəqiqləşdirməyə çalışıb.
Qanun nə deyir?
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Ali Məclisin deputatı bir neçə halda mandatından məhrum edilə bilər.
Bunlara seçkilər zamanı səslərin düzgün hesablanmadığının aşkar olunması, Azərbaycan vətəndaşlığından çıxma və ya başqa dövlətin vətəndaşlığının qəbul edilməsi, deputatın cinayət törətməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması daxildir.
Bundan başqa, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etmək, din xadimi olmaq, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olmaq da mandatdan məhrumetmə əsaslarından biridir.
Deputatın özünün mandatından imtina etməsi də qanunda ayrıca əsas kimi göstərilir. Konstitusiyanın hazırkı mətnində, həmçinin deputatın Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozması və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud şəkildə pozması mandatdan məhrumetmə halları sırasındadır.
Qərarı kim verir?
Mandatın ləğvi ilə bağlı prosedur konkret əsasdan asılı olaraq dəyişir.
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunun 103-cü maddəsinə görə, seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar edilərsə, bu barədə qərarı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qəbul edir. Cinayət törədilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda isə qərar müvafiq məhkəmə tərəfindən verilir.
Digər hallarda, o cümlədən deputatın vətəndaşlığını dəyişməsi, öz mandatından imtina etməsi və qanunda nəzərdə tutulan digər əsaslar olduqda mandatdan məhrumetmə barədə qərarı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası qəbul edir. MSK-nın qərarından 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Qəzənfər Abdullayevin halında hansı əsas tətbiq edilib?
Qəzənfər Abdullayevin mandatdan məhrum edilməsi ilə bağlı MSK-nın məlumatında onun öz ərizəsi əsasında müraciət etdiyi bildirilir. Yəni açıqlanan məlumatlara əsasən, onunla bağlı mandatdan məhrumetmə Konstitusiyanın deputatın özünün imtinasını nəzərdə tutan müddəasına uyğun həyata keçirilib.
Qeyd edək ki, Qəzənfər Abbasov həm də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri postunu tuturdu. Ötən həftə mediada Qəzənfər Abdullayevin var-dövləti ilə bağlı məlumatlar yayılmış və o, sədr vəzifəsindən istefa vermişdi.
O, Naxçıvan Futbol Federasiyasının da sədridir və ehtimal olunur ki, tezliklə bu qurumdan da istefası gerçəkləşək.
Abbasovdan əvvəl də deputat mandatdan məhrum edilən olub
Qəzənfər Abdullayevdən əvvəl VII çağırış Naxçıvan Ali Məclisində Əli Feyzulla oğlu Abbasov deputat mandatından məhrum edilib.
Əli Abbasov 4 saylı Yengicə seçki dairəsindən deputat seçilmişdi. Onun barəsində Ali Məclisə daxil olan vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanıb. Araşdırmanın nəticəsində deputatın “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tələblərini kobud şəkildə pozduğu müəyyən edilib. İntizam Komissiyasının rəyi və toplanmış materiallar MSK-ya təqdim olunub və 11 dekabr 2025-ci ildə Əli Abbasovun mandatdan məhrum edilməsi barədə qərar qəbul edilib.
Beləliklə, hazırda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisində mandatından məhrum edilən iki deputat var: Əli Abbasov və Qəzənfər Abdullayev. 45 deputat yerindən ibarət Ali Məclisdə bu qərarlardan sonra 43 deputat qalıb.
A.Qorxmaz