Azərbaycan xalqının tarixində ölkənin gələcək taleyini müəyyənləşdirən mühüm günlər var. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın 98,84 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu göstərici cəmiyyətin onun siyasi iradəsinə, idarəçilik təcrübəsinə və dövlətçilik mövqeyinə olan sonsuz inamının təzahürü idi.

Bu seçim müstəqillik tariximizin son dərəcə mürəkkəb mərhələsinə təsadüf edirdi. Ölkə Ermənistanın təcavüzünə məruz qalmışdı, ərazilərimizin bir hissəsi işğal olunmuşdu, siyasi-iqtisadi böhran, dövlət çevrilişləri və vətəndaş müharibəsi təhlükəsi müstəqilliyimizi sual altında qoymuşdu. Belə bir şəraitdə cəmiyyətin yeganə gözləntisi ölkəni fəlakətdən xilas edə biləcək güclü liderin hakimiyyətə gəlməsi idi.
Heydər Əliyevin rəhbərliyə qayıdışı təsadüfi deyildi. Onun 1969–1982-ci illərdəki quruculuq fəaliyyəti, həmçinin 1990-cı il 20 Yanvar faciəsindən dərhal sonra Moskvadakı daimi nümayəndəliyə gələrək qanlı cinayəti törədənləri açıq şəkildə ittiham etməsi xalqın yaddaşına həkk olunmuşdu.

Prezident seçildikdən sonra Ulu Öndər dərhal dövlətçiliyin qorunması və ictimai-siyasi sabitliyin bərqərar edilməsinə başladı. Qısa müddətdə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bu, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün zəruri zəmin yaratdı.
Heydər Əliyevin dövlətçilik strategiyasında iqtisadi müstəqillik xüsusi yer tuturdu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının və yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu.

Eyni zamanda, güclü dövlətin formalaşmasında ordu quruculuğu prioritet istiqamətə çevrildi. Vahid komandanlığa tabe olan nizami ordunun yaradılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində addımlar atıldı. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Ulu Öndər bəyan etmişdi ki, Azərbaycan özünü müdafiə etməyə qadir, ərazi bütövlüyünü təmin edə biləcək qüdrətli armiyaya sahib olmalıdır. 1994-cü ildə atəşkəsin əldə olunması isə bu islahatları daha da sürətləndirməyə imkan verdi.

Hüquqi dövlət quruculuğu sahəsində də mühüm mərhələ keçildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkəmizin dünya birliyində layiq olduğu mövqeni tutmasını təmin etdi.

Ulu Öndərin müəyyən etdiyi bu strateji kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 1993-cü ildən qoyulan hərbi, iqtisadi və siyasi bünövrə 2020-ci ilin Vətən müharibəsində zəfər qazanılmasına və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasına gətirib çıxardı.
3 oktyabr 1993-cü il seçkiləri müasir Azərbaycanın qurtuluş və yüksəliş tarixinin başlanğıcı kimi xalqımızın yaddaşında qurucu lider Heydər Əliyevin adı ilə əbədi qalacaqdır.