Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi yenidən gündəmə gəlib. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin, enerji və nəqliyyat layihələrinin uğurla inkişaf etməsinə baxmayaraq, sərhədlərin tam dəqiqləşdirilməsi prosesi hələ yekunlaşmayıb.
Gürcüstanın son büdcə təşəbbüsləri və rəsmi açıqlamaları fonunda prosesin yenidən intensivləşə biləcəyi ehtimal olunur. Xüsusilə 2027-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası prosesinin davam etdirilməsinə dair müddəanın yer alması bu istiqamətdə yeni addımların atılacağına işarə kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Allahverənov bildirib ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası uzun illərdir davam edən, lakin hələ tam başa çatmayan prosesdir.
Onun sözlərinə görə, iki ölkə arasında sərhədin hüquqi əsaslarının müəyyənləşdirilməsi üzrə dövlət komissiyaları 1996-cı ildən fəaliyyət göstərir:
“Azərbaycan Prezidentinin 2002-ci ildə ayrıca Dövlət Komissiyasının yaradılması barədə sərəncamı da bu institusional mexanizmi rəsmiləşdirib. 2019-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkə arasındakı təxminən 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılmış, təxminən 166 kilometrlik hissəsi isə razılaşdırılmamış qalırdı. Həmin hissələr üzrə ekspertlər səviyyəsində xəritələrin, ölçmələrin və əraziyə baxışların aparılması nəzərdə tutulmuşdu”.
A.Allahverənov qeyd edib ki, sonrakı illərdə proses müəyyən qədər intensivliyini itirib:
“Hətta Gürcüstanın xarici işlər naziri 2023-cü ildə növbəti komissiya iclasının keçirilməsi imkanının müzakirə edildiyini bildirsə də, 2026-cı ilin sentyabr ayına qədər bu məsələ ilə bağlı ciddi hərəkətlilik müşahidə olunmayıb. Lakin informasiya müstəvisində yayılan məlumatlara diqqət yetirdikdə görürük ki, Gürcüstan hökumətinin 2027-ci il dövlət büdcəsi layihəsində Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası prosesinin bərpa və ya davam etdirilməsinə dair müddəa yer alıb. Bu da Gürcüstan hökumətinin məsələ ilə bağlı konkret planlarının olduğunu göstərir”.
Deputat vurğulayıb ki, Gürcüstan hökumətinin 2026-cı ilin iyununda parlamentə təqdim etdiyi hesabatda da Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərinin yüksək səviyyəli görüşlərdə müzakirə edildiyi qeyd olunub:
“Bu o deməkdir ki, müxtəlif səviyyəli görüşlərdə mövzu ətrafında fikir mübadiləsi aparılsa da, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə fəaliyyət göstərən dövlət komissiyalarının konkret addımları barədə məlumat yoxdur.
Xüsusilə 2026-cı ilin sentyabrında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirdi ki, Azərbaycanla sərhədin delimitasiyası, o cümlədən ayrı-ayrı mübahisəli ərazilərlə bağlı nə yazılı, nə də şifahi razılaşma əldə olunub və son illərdə bu istiqamətdə konkret irəliləyiş qeydə alınmayıb. Eyni zamanda Kobaxidze hökumətin məqsədinin prosesi yenidən hərəkətə gətirmək olduğunu vurğulayıb”.
A.Allahverənov əlavə edib ki, Gürcüstan hökumətinin 2027-ci ilin dövlət büdcəsində bu məsələyə ayrıca yer verməsi prosesə start vermək niyyətindən xəbər verir:
“Delimitasiya olunmayan ərazilərlə bağlı komissiyanın müzakirə edəcəyi məsələlər arasında mövcud yanaşmalar əsas yer tutur. Sərhəd məsələsinin həllində xüsusilə köhnə xəritələr təyinedici sənəd kimi gündəmə gətirilir. İki dövlətin müvafiq komissiyalarının fəaliyyəti zamanı xüsusilə 1938-ci ilin vəziyyətini əks etdirən xəritələr müzakirə olunub.
Komissiyanın işi ilə yaxından tanış olmadığım üçün yalnız təxmin edə bilərəm ki, əsas məsələ tarixi xəritələrin hüquqi statusudur. Burada müzakirə olunan digər mövzular sırasında Sovet dövrünün inzibati sərhədləri, 1996-cı il razılaşmasının əsas prinsipləri və, şübhəsiz ki, yerli əhalinin maraqlarına cavab verən yanaşmalar da var. Bütün bunlar işin kifayət qədər mürəkkəb olduğunu göstərir”.
Deputat hesab edir ki, yaxın vaxtlarda bu istiqamətdə yeni məlumatlar açıqlana bilər:
“Ehtimal etmək olar ki, Gürcüstan tərəfi bunu 2027-ci ilin dövlət büdcəsində qeyd edibsə və Kobaxidze yüksək səviyyəli müzakirələrin aparıldığını bildiribsə, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin bəyanatlarında görülən işlər barədə məlumat ala bilərik.
Hər bir halda, bu, çox həssas mövzudur. Nəzərə almaq lazımdır ki, iki dövlət arasında strateji tərəfdaşlıq, enerji və nəqliyyat, eləcə də regional layihələr – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu uğurlar fonunda delimitasiya və demarkasiya məsələlərinin də effektiv şəkildə həll olunacağını gözləmək olar”, – deyə A.Allahverənov fikrini yekunlaşdırıb.