Modern.az

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri davam etdirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimləri davam etdirəcək

Ölkə

Bu gün, 09:50

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Şuşada 13-cü üçtərəfli görüşünün keçirilməsi regionda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdiyini göstərir.

Görüşdə üç ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, eləcə də birgə təlimlərin davam etdirilməsi məsələləri müzakirə olunub.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, görüşün Şuşada keçirilməsi Azərbaycanın regional təhlükəsizlik və müdafiə əməkdaşlığında oynadığı rolu, eyni zamanda şəhərin ölkə üçün xüsusi əhəmiyyətini göstərir.

“Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Görüşün Şuşada keçirilməsi isə Azərbaycan üçün xüsusi və mənəvi əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın baş tacıdır və onun azad edilməsi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynayıb. Belə bir şəhərdə üç qonşu ölkə arasında hərbi sahədə növbəti protokolun imzalanması dövlətlərimiz arasındakı dostluq və əməkdaşlığın səviyyəsini nümayiş etdirir”.

Ekspert qeyd edib ki, hər üç ölkə regional təhlükəsizlik məsələlərində ortaq maraqlara və çağırışlara malikdir. Bu baxımdan müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Regional təhlükəsizliyin təmin edilməsi, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və birgə təlimlərin davam etdirilməsi əsas müzakirə mövzularındandır. Azərbaycan daha əvvəl Gürcüstan və Türkiyə ilə “Eternity” (“Əbədiyyət”) və “Qafqaz Qartalı” birgə təlimlərində iştirak edib. Bu görüşdə də həmin təlimlərin razılaşdırılmış qrafik üzrə davam etdirilməsi ilə bağlı qərar qəbul olunub”.

Ə.Verdiyev bildirib ki, üç ölkənin hərbi qurumları arasında təcrübə mübadiləsi də davam etdirilir:

“Hər üç tərəf öz müsbət təcrübəsini digər ölkələrlə bölüşür. Əsas istiqamətlərdən biri orduların müdafiə qüdrətinin artırılmasıdır. Bununla yanaşı, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. Üçtərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib”.

Ekspertin sözlərinə görə, görüşün yekununda 13-cü protokolun imzalanması üç ölkə arasında müdafiə əməkdaşlığının institusional əsasda davam etdirildiyini göstərir:

“Bu görüşlər hər üç dost ölkə üçün faydalıdır. Hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi regional sülh və sabitliyin təmin olunmasına töhfə verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?