Oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX Qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi müəyyənləşdiriləcək, həmçinin Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə dəyişikliklər müzakirə olunacaq. İdarə Heyətinə ən çox səs toplayan 23 nəfər seçiləcək.
Modern.az xəbər verir ki, qurultaya hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Mətbuat Şurasının üzvü olan təşkilatlar nümayəndələrini və İdarə Heyətinə namizədlərini təqdim ediblər.
Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Modern.az-a danışıblar.

İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, IX Qurultayda media sahəsində mövcud vəziyyətlə yanaşı, jurnalistlərin etik davranış prinsiplərinə də yenidən baxılacaq.
“Azərbaycan Jurnalistlərinin Qurultayı ölkəmizin media təmsilçilərinin bir araya toplandığı ən böyük platformadır. Qurultayda ənənəvi olaraq üç istiqamət üzrə müzakirələr keçirilir.
Bu sırada media sahəsində mövcud tendensiyalar, ölkə mediasının prioritet hesab etdiyi məsələlər müzakirə olunaraq uyğun rəylər verilir. Həmçinin toplantıda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılır.
Nəhayət, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə zəruri yeniliklərin edilməsi məsələsinə baxılır. IX Qurultayın da ümumilikdə bu çərçivədə keçirilməsi planlaşdırılır”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, Təşkilat Komitəsi hər üç istiqamət üzrə hazırlıq işlərini həyata keçirib və proses hazırda yekunlaşdırılır.
O qeyd edib ki, ölkənin aparıcı media subyektləri Mətbuat Şurasının İdarə Heyətində görmək istədikləri şəxslərin namizədliyini irəli sürüblər. Eyni zamanda, qurultaya nümayəndələrin müəyyənləşdirilməsi prosesi də oktyabrın 12-də başa çatıb.
“İlkin nəticələr həm IX Qurultaya, həm də Mətbuat Şurasının İdarə Heyətində təmsilçiliyə böyük maraq olduğunu göstərir. Namizədlər arasında əvvəlki tərkibdə təmsil olunan şəxslərlə yanaşı, yeni adlar da var. Bununla belə, təqdim olunan siyahı ilkin xarakter daşıyır və yekun seçim qurultaydakı səsvermənin nəticələrindən asılı olacaq”.
Müşfiq Ələsgərli jurnalistlərin Etik Davranış Kodeksinə dəyişikliklərin də hazırlandığını açıqlayıb.
Onun sözlərinə görə, təkliflər müasir media mühitində baş verən rəqəmsal transformasiyanın tələblərinə uyğun hazırlanıb və qurultayda səsverməyə çıxarılacaq.
“Ümumiləşdirsək, deyə bilərik ki, qurultaya hazırlıq işləri qüsursuz şəkildə yerinə yetirilib. Oktyabrın 16-da toplantının yüksək səviyyədə baş tutacağı gözlənilir”.

İdarə Heyətində təmsil olunan Azər Həsrət qurultayın əvvəlcədən müəyyən edilmiş tarixdə keçiriləcəyini və hazırlıq prosesində hər hansı problemin olmadığını bildirib.
“Mətbuat Şurasının Qurultayı elan edildiyi vaxtda, yəni oktyabrın 16-da keçiriləcək. Hər hansı dəyişiklik yoxdur. Hazırlıq işlərində də problem yaşanmır. Mətbuat Şurasının üzvü olan və üzvlük haqqını ödəmiş şəxslər nümayəndələrini təqdim edir, eyni zamanda İdarə Heyətinə üzvlük üçün namizədlər irəli sürülür. Hələlik hər hansı sıxıntıdan danışa bilmərik. Hər şey plan üzrə gedir”.
Azər Həsrət son hadisələrin qurultayın keçirilməsinə təsir göstərəcəyi barədə ehtimalları da real hesab etmədiyini deyib:
“Düşünmürəm ki, hər hansı dəyişiklik olsun, çünki qeyri-adi heç nə baş vermir. Üç-beş adam orada-burada müəyyən sıxıntılar yaratmağa cəhd göstərir. Dövlətimiz də həmin məsələləri həll edir. Yəni Mətbuat Şurasının Qurultayı ilə bağlı problem gözlənilmir”.

İdarə Heyətinin digər üzvü Hacıbəy Heydərli da qurultaya hazırlığın son mərhələdə olduğunu və namizədlərin müəyyənləşdirilməsi prosesinin başa çatdığını açıqlayıb.
“Hazırlıq işləri artıq son mərhələdədir. Mətbuat Şurasına üzv təşkilatların çoxu qurultay nümayəndələrini müəyyənləşdirib və Təşkilat Komitəsinə təqdim edib.
Həmçinin üzv təşkilatlar Şuranın İdarə Heyətində görmək istədikləri şəxslərin adlarını Təşkilat Komitəsinə təqdim ediblər. Qeyd etdiyim hər iki proses artıq yekunlaşıb”.
Hacıbəy Heydərlinin sözlərinə görə, hazırda təqdim olunan anketlər üzrə səslərin hesablanması aparılır. Anketlərdə adları daha çox qeyd edilən şəxslər İdarə Heyətinə namizəd kimi təsdiqlənəcəklər.
“Ötən qurultayda namizədlərin adları qurultaya bir gün qalmış açıqlanmışdı. Çox güman ki, bu dəfə də eyni qaydada olacaq. Beləliklə, hər bir qurultay nümayəndəsi qurultaya gələndə kimə səs verəcəyi barədə təsəvvürə malik olacaq.
Jurnalistlər tərəfindən ən çox səs toplayan 23 nəfər Mətbuat Şurasının İdarə Heyətinə üzv seçiləcək”.
H.Heydərli əlavə edib ki, IX Qurultay oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Nicat Rüstəm