Hamiləliyə və doğuşa görə məzuniyyətin müddətinin saxlanılması, ödənişin isə sosial sığorta qanunvericiliyi ilə müəyyən edilməsi təklif olunur.
Modern.az xəbər verir ki, Əmək Məcəlləsinə dəyişiklik layihəsində işləyən qadınlara hamiləlik və doğuş dövrü üçün verilən 126 təqvim günlük məzuniyyətlə bağlı ödəniş qaydasına yenidən baxılır. Müddət doğuşdan əvvəl 70, doğuşdan sonra isə 56 təqvim günüdür. Çətin doğuş zamanı və ya iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 gün olur.
Təklifə görə, hamiləliyə və doğuşa görə müavinət “Sosial sığorta haqqında” qanuna uyğun təyin edilərək ödəniləcək.
Uşağın doğulması ilə əlaqədar kişilərə verilən 14 günlük ödənişli məzuniyyət üçün də müavinətin sosial sığorta qanunvericiliyinə uyğun təyin edilməsi təklif olunur.