Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsinin tətbiqi ilə bağlı Fərman imzalayıb.
Modern.az xəbər verir ki, sənədlə dövlət qulluğuna qəbul, müsahibələrin keçirilməsi, qulluqçuların əlavə təhsili və xidməti yoxlamalarla bağlı qaydaların hazırlanması üçün tapşırıqlar verilib.
Nazirlər Kabineti beş ay müddətində dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqənin müsahibə mərhələsinin və ya daxili müsahibənin keçirilməsi, eləcə də dövlət qulluqçusu barəsində xidməti yoxlamanın aparılması qaydalarına dair təkliflərini Prezidentə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabinetinə beş ay ərzində dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilməsi və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydasını təsdiqləmək tapşırılıb.
Eyni müddətdə dövlət orqanlarında qulluq keçməyə imkan verməyən xəstəliklərin siyahısı və dövlət qulluğuna qəbul üçün müraciət edən şəxslərin tibbi müayinədən keçirilməsi qaydası da təsdiqlənəcək.
Bundan başqa, müsahibə komissiyalarına cəlb edilən müstəqil ekspertlərin əməyinin ödənilməsi qaydası və ödəniş məbləğləri, stajorluq dövründə təlimlərin təşkili və qiymətləndirilməsi, dövlət qulluqçularının əlavə təhsili ilə bağlı qaydalar müəyyənləşdiriləcək.
Fərmana əsasən, Tarif (qiymət) Şurası dövlət qulluğuna qəbul üzrə test imtahanında və müsabiqənin müsahibə mərhələsində iştirak üçün ödənişlərin məbləğlərini üç ay müddətində müəyyən edərək Prezidentə məlumat verməlidir.
Nazirlər Kabineti qanunların və Prezidentin aktlarının yeni Məcəlləyə uyğunlaşdırılması barədə təkliflərini isə altı ay müddətində hazırlayıb dövlət başçısına təqdim edəcək.
Sənədlə dövlət qulluğu, dövlət qulluqçularının vəzifə maaşlarına tətbiq olunan əmsallar və etik davranış qaydaları haqqında qanunların tətbiqinə dair əvvəlki dörd fərman da ləğv edilib.