Modern.az

Dövlət qulluğu sertifikatının müddəti 5 ildən 2 ilə endirilir

Dövlət qulluğu sertifikatının müddəti 5 ildən 2 ilə endirilir

Ölkə

Bu gün, 13:01

“Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddəti beş ildən iki ilə endiriləcək. Əvvəllər verilmiş və etibarlılıq müddəti bitməmiş sertifikatlar isə qüvvəsini saxlayacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

Məcəlləyə əsasən, inzibati vəzifələrə qəbul üzrə müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq. Test imtahanları rübdə azı bir dəfə təşkil ediləcək. İmtahandan müvəffəqiyyətlə keçən şəxslərə iki il qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.

Müsabiqədə ilk dəfə iştirak edən şəxslərin test imtahanı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Bu güzəşt Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinin üzvlərinə də şamil olunacaq.

Sertifikat sahibləri onun qüvvədə olduğu müddətin hər ili ərzində beş vakant vəzifə üzrə müsahibədə iştirak üçün ödənişsiz qeydiyyatdan keçə biləcəklər. Beşdən artıq vəzifə üzrə müsahibədə iştirak isə ödənişli olacaq.

Müsahibə vakant vəzifənin aid olduğu dövlət orqanı ilə səlahiyyətli qurum tərəfindən birgə təşkil ediləcək. Müsabiqənin yekun nəticəsi test və müsahibədə əldə olunan faiz göstəricilərinin ədədi ortası əsasında hesablanacaq.

Sertifikat tələb edilmədən müsahibəyə buraxılan şəxslər üçün isə test nəticəsi müvafiq vəzifə üzrə sertifikat almağa tələb olunan minimum keçid balının faiz göstəricisi ilə maksimum mümkün nəticənin faiz göstəricisinin ədədi ortası əsasında müəyyənləşdiriləcək. Daha sonra həmin göstərici müsahibə nəticəsi ilə birlikdə ümumi qaydada hesablanacaq.

Test və ya müsahibə nəticələri etibarsız sayıldıqda, eləcə də namizəd imtahanda və ya müsahibədə iştirak etmədikdə ödənilmiş vəsait geri qaytarılmayacaq.

Qeyd edək ki, indiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən, sertifikatın etibarlılıq müddəti beş il idi. Yeni Məcəllə qüvvəyə minənədək həmin qanun əsasında verilmiş sertifikatların sahibləri sənədin etibarlılıq müddəti başa çatanadək müsahibələrdə iştirak hüququnu saxlayacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!