Modern.az

Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır - Spiker

Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır - Spiker

Dünya

Bu gün, 14:58

Ermənistan Türkiyə ilə sərhədi artıq bu gündən açmağa və iki ölkə arasında diplomatik münasibətlər qurmağa hazırdır.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesindən danışarkən bildirib.

“Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin ən qısa zamanda qurulması üçün heç bir maneə olduğunu düşünmürəm. Biz bu addımı elə bu gün, yaxud sabah atmağa hazırıq. İndi hər şey Türkiyədən asılıdır”, - deyə Rubinyan vurğulayıb.

Onun sözlərinə görə, Marqara-Əlican sərhəd-keçid məntəqəsinin hər iki tərəfindəki nəzarət-buraxılış məntəqələri bərpa olunub və fəaliyyətə hazırdır.

Rubinyan Türkiyə tərəfinin Qars-Gümrü dəmir yolunun öz ərazisindən Ermənistan sərhədinədək uzanan hissəsinin yenidən qurulmasına başladığını da bildirib.

“Yaxşı xəbər odur ki, Türkiyə tərəfi Qars-Gümrü dəmir yolunun öz ərazilərindəki hissəsinin, yəni sərhədimizə qədər olan xəttin bərpasına başlayıb. Ən son məlumatıma görə, işlər sürətlə davam edir”, - deyə parlament sədri qeyd edib.

O əlavə edib ki, münasibətlərin normallaşdırılması prosesi davam edir və iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində danışıqlar aparılır.

Noyabrın 16-da Brüsseldə “Qara dəniz regionunda təhlükəsizlik öhdəliklərinin gücləndirilməsi” mövzusunda keçirilən müzakirələr zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Türkiyə ilə münasibətlərin tam normallaşdırılması və sərhədin açılması istiqamətində fəal dialoqun davam etdiyini bildirib.

Bundan əvvəl isə Baş nazir Nikol Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı Ermənistan və Türkiyənin diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına yaxın olduğunu söyləyib.

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə hər iki tərəfin münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişin olduğunu qeyd etdiyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var