Modern.az

Makronun ailə sirri açıldı: Arvadı onu psixoloqa göndərmək istəyir

Makronun ailə sirri açıldı: Arvadı onu psixoloqa göndərmək istəyir

Dünya

Bu gün, 16:15

Fransa Prezidenti Emmanuel Makron özünü hələ də uşaq kimi hiss etdiyini etiraf edib. Həyat yoldaşı Bricit Makron isə onun psixoanalitikə müraciət etməli olduğunu düşünür.

Modern.az xəbər verir ki, Fransa liderinin və xanımının bu qeyri-adi etirafları Makronun həyatından bəhs edən yeni bioqrafik kitabda yer alıb. Kitabın müəllifi siyasətçinin xarakterinin formalaşmasında nənəsinin rolunu, gələcək həyat yoldaşı ilə münasibətlərini və tənqidə dözümsüzlüyünü ətraflı araşdırıb.

48 yaşlı Fransa prezidenti uşaqlıq və gənclik illərinin nüfuzlu qadınların, ilk növbədə nənəsinin, daha sonra isə özündən 24 yaş böyük olan Bricitin güclü təsiri altında keçdiyini bildirib.

“İndiyədək uşaq olaraq qalmışam. Heç vaxt yeniyetməlik dövrüm olmayıb. Yeniyetmələri sevmirəm, onları başa düşmürəm. Həyat yoldaşım isə başa düşür”, – deyə Makron bioqrafı Ketrin Neyə danışıb.

“The Times” nəşrinin məlumatına görə, təcrübəli siyasi jurnalist kitab üzərində işləyərkən yalnız prezidentlə deyil, onun həyat yoldaşı və uşaqlıq dostları ilə də söhbətləşib. Əsərin əsas mövzularından biri Makronun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan qadınlarla mürəkkəb münasibətləridir.

Nənəsi onun həyatını tam nəzarətdə saxlayıb

Müəllif siyasətçinin nənəsi, keçmiş məktəb direktoru Manettaya xüsusi diqqət ayırıb. Ketrin Neyin sözlərinə görə, Manetta nəvəsini özünün “şah əsəri” kimi yetişdirməyə çalışıb, onun həyatına və təhsilinə tam nəzarət edib.

Nənəsi Emmanuelin vaxtının demək olar ki, hamısını dərslərə sərf etməsini istəyib və onu yaşıdlarından faktiki olaraq təcrid edib.

Emmanuel 14 yaşında bir qızla görüşməyə başlayanda Manetta bundan qəzəblənib. Bioqrafın iddiasına görə, yeniyetmə nənəsinin rəğbətini yalnız ona “Bir daha qızlara baxmayacağam” vədini verdikdən sonra qaytara bilib.

Ketrin Neyin sözlərinə görə, gələcək Fransa prezidenti öz valideynlərindən daha çox nənəsinə bağlı olub.

Bricit Makron da Manettanın həyat yoldaşının xarakterinə nə dərəcədə güclü təsir göstərdiyini etiraf edib.

“Emmanuel hələ də nənəsinin ölümünü qəbul edə bilməyib. O, hətta onun yerini dolduracaq birini də tapa bilməyib. Psixoanalizdən keçməsi yaxşı olardı”, – deyə Fransanın birinci xanımı kitab müəllifi ilə söhbətində bildirib.

Makron 15, Bricit isə 39 yaşında olanda tanış olublar

Kitabın ayrıca bir fəsli Emmanuel Makronla Bricitin münasibətlərinin tarixçəsinə həsr olunub.

Xatırladaq ki, Bricit vaxtilə Makronun məktəbdə dram sənəti müəllimi olub. O, həm də Emmanuelin dostlarından birinin anası idi.

Onlar tanış olanda Emmanuelin 15, Bricitin isə 39 yaşı olub. Həmin vaxt Bricit evli idi və üç övlad böyüdürdü.

Bioqrafın versiyasına görə, gələcək həyat yoldaşının diqqətini cəlb etmək üçün təşəbbüsü məhz gənc Emmanuel göstərib.

Bricit onun romantik münasibət qurmaq cəhdlərini “yetkin bir insanın şirnikləndirilməsi” kimi xarakterizə edib. Ketrin Neyin iddiasına görə, yeniyetmə Makron Bricitlə təkbətək vaxt keçirə bilmək üçün ona birlikdə pyes yazmağı təklif edib.

Bricit sonralar rəfiqəsinə danışıb ki, bir dəfə Emmanueldən özünün övlad sahibi olmaq istəyib-istəmədiyini soruşub.

“Xeyr, istəyirəm ki, yalnız mənim qayğıma qalasan”, – deyə Makronun cavab verdiyi bildirilir.

Tənqidi qəbul edə bilmir, səhvlərini etiraf etməkdə çətinlik çəkir

Bioqrafik kitabda Emmanuel Makron yüksək istedada malik, lakin qapalı insan kimi təqdim olunur. Müəllifin sözlərinə görə, o, uşaqlıqdan yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkib.

K.Ney bildirir ki, Makronun demək olar ki, dostları olmayıb. Yaşıdları ilə münasibətlər qurmaq və tənqidi qəbul etmək də onun güclü tərəflərindən sayılmayıb.

Müəllifin iddiasına görə, bu təcrid olunma hissi onun yetkinlik dövründə də davam edib. Yelisey sarayında fəaliyyət göstərdiyi müddətdə prezident ətrafındakı insanlardan getdikcə daha çox uzaqlaşıb.

Jurnalist Makronun öz səhvlərini etiraf etmək qabiliyyətinin zəifliyinə də diqqət çəkib. Onun fikrincə, 39 yaşında Napoleon dövründən bəri Fransanın ən gənc prezidenti olmasına kömək edən özünəinam hissi zamanla özünün heç vaxt səhv etmədiyinə dair qənaətə çevrilib.

“Özünü təhlil etmək onun düşüncə sisteminə daxil deyil. Hətta üzr istədikdə belə, sonradan həmin məsələyə qayıdaraq niyə haqlı olduğunu izah etməyə çalışır”, – deyə Ney “France Inter” radiosuna müsahibəsində bildirib.

Bioqraf bu xüsusiyyətin Fransa prezidentinin siyasi qərarlarına da təsir etdiyini düşünür.

Müəllif xüsusilə Makronun 2024-cü ildə növbədənkənar parlament seçkiləri keçirmək qərarını xatırladıb. Həmin seçkilərin nəticəsində prezidentin rəhbərlik etdiyi hakim koalisiya parlament çoxluğunu itirib və Fransa uzunmüddətli siyasi böhrana sürüklənib.

Makron hakimiyyətinin son aylarına qədəm qoyur

Bu arada Emmanuel Makron prezidentlik müddətinin son altı ayına qədəm qoyur.

Onun mərkəzçi koalisiyası parçalanma ilə üzləşib. Fransada son onilliklərin ən böyük iğtişaşlarından bəziləri baş verir.

Eyni zamanda, Marin Le Penin rəhbərlik etdiyi populist sağ qüvvələrin və Jan-Lük Melanşonun başçılıq etdiyi radikal sol düşərgənin ictimai rəy sorğularında mövqeləri möhkəmlənir.

Belə bir şəraitdə Makronun şəxsi xarakteri, siyasi qərarları və ətrafı ilə münasibətləri yenidən diqqət mərkəzinə düşüb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var