Bir neçə gündən sonra - noyabrın 9-da ilk dəfə Azərbaycan Bayrağı Gününü dövlət bayramı kimi qeyd edəcəyik. Azərbaycan Respublikasının dövlət bayramlarının siyahısına kimin necə yanaşmasından asılı olmayaraq, Azərbaycan Bayrağı Gününü İstiqlal Günümüzlə bərabər tuturam. Çünki bayraq sadəcə gözəgəlimli rənglərdən ibarət və üzərinə müxtəlif rəmzlərin həkk olunduğu parça deyil! Bayraq bir millətin şərəfi, namusu, varlığının, bir millət kimi mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Bu baxımdan, Bayraq və İstiqlal kəlmələrini bir-birindən ayırmaq mümkünsüzdür.
...Artıq bir neçə gündür ki, Azərbaycan Bayrağı Günü ərəfəsində yazmaq istədiklərim barədə düşünürəm. 1989-cu ildən bəri iştirakçısı olduğum hadisələri göz önündən keçirir, yaddaşımın ən qaranlıq və "toz basmış" guşələrini varaqlamağa çalışıram. Üç rəngli bayrağımızın ilk dəfə "Azadlıq" meydanında dalğalandığı günü və 70 il heçdən bir bayraq, bir dövlət yaratdığından xəbərsiz olan, şər imperiyasının təbliğat maşının basqıları altında tarixi yaddaşının ən şərəfli bir parçasından məhrum edilmiş insanların təəccüblü baxışlarını və... Gültəkin ananın bayraq tikmək üçün iynə saplamaqdan yığılmış göz qapaqlarını, cadar-cadar olmuş əllərini xatırlayıram.
İstiqal uğrunda verdiyimiz qurbanların xatirəsini əziz tutanlar, azadlığın və bir millət kimi müstəqil dövlətə sahib olmanın dəyərini anlayanlar, üç rəngli müqəddəs Bayrağımızın hansı məhrumiyyətlər bahasına yenidən başımız üzərində dalğalandığının, güllələnmiş, Sibir çöllərində tədrici ölümə məhkum olunmuş, Vətənindən, evindən didərgin salınmış minlərlə Millət fədaisinin qan yaddaşından sıyrılaraq yenidən və necə dirçəldiyinin fərqinə varmağı bacaranlar Azərbaycan Bayrağı Gününün nə qədər böyük bir bayram olduğunu yaxşı başa düşürlər.
Həm də bilirlər ki, bu bayraq təkcə Azərbaycan Respublikasının ərazisində deyil bütün dünyada yaşayan Azərbaycan türklərinin bayrağıdır! Bu bayraq əsrlər boyu bizimlə iç-içə, könül-könülə yaşayan, dərdimizi, sevincimizi bölüşən, Azərbaycan adlanan böyük bir coğrafiyanı Azərbaycan türklərilə birgə qoruyan, bu yolda canını, malını fəda edən, bu Vətənin təəssübünü çəkən bütün xalqların bayrağıdır!
...Mən Azərbaycan bayrağının rənglərini üçbucaq şəklinə, yaxud digər formalara salaraq yaratdıqları təşkilatların, partiyaların, hərəkatların rəmzinə çevirən bəzi Güney Azərbaycanlı soydaşlarımızı heç cür anlaya bilmirəm. Bəziləri iddia edirlər ki, guya onlar Azərbaycan bayrağını olduğu kimi özlərinə rəmz seçsələr İran rejimi tərəfindən basqılara məruz qalacaqlar. Bəsit arqumentdir, təbii ki. İranın fars rejimi onsuz da Azərbaycan və türk adına olan heç bir şeyi qəbul etmir, etməyəcək də. Rəmzini necə seçirsən seç, bayrağını necə yapırsan yap, İranın irtica rejiminin Güney Azərbaycan türklərinin istiqlal mücadiləsinə olan münasibəti onsuz da dəyişməyəcək.
Bir millətin bir bayrağı olar, qardaşlar!
Yaxın hədəfimiz: Bir Millət - bir Bayraq!
Uzaq hədəfimiz: Bir Dövlət - bir Torpaq!-dır.
***
Azərbaycan Bayrağına
Sən
Minillər boyu
Mavi göylərin əlçatmaz,
ünyetməz
Dərinliklərindən səslədiyim,
Anaların göz yaşıyla,
Ataların qan-qırmızı dözümüylə,
Şəhidlərin al qırmızı qanı ilə
bəslədiyim,
Yamyaşıl çöllərimdə
"Vətən!" deyib, uyuyan,
Məzarı bilinməyən
Yüzminlərin öfkəsilə
Göy üzünə süslədiyim
Bayrağım!
Səni dalğalandıran
küləyə qurban olum
Üç rəngli qibləgahım!
Ay-ulduzlu and yerim!
Səni göydən endirən
mələyə qurban olum!
İstə məndən...
Həyim var uğrunda qurban verim!
Ey... üçrəngli Bayrağım!
Dilimdəki son nida!
Sən ucalan yerlərin
Tozuna canım fəda!
Dalğalan başım üstə,
Əbədiyyən dalğalan!
Sənin ucalığından,
Sənin əzəmətindən
Danışsın bütün cahan!
Göylər mavi rəngindən
Rəng alıb təzələnsin!
Uçsun qara buludlar,
Dünya nura bələnsin!
Al qırmızı rəngindən
Qoy rəng alsın çiçəklər!
Yanağını öpməyə
Hövbə çəksin küləklər!
O gözəl yaşılından
Don geyinsin çəmənlər.
Ay-ulduzla bəzənsin
Lalələr, yasəmənlər!
Ey müqəddəs Bayrağım -
Əbədi səadətim!
Sonsuz sevdam,
Tükənib bitməyən məhəbbətim!
Dalğalan başım üstə,
Göy üzündə dalğalan!
Şuşada, Xankəndində...,
Təbrizimdə dalğalan!
Yüzillərlə dalğalan,
Minilərlə dalğalan!
Azərbaycan sevdalı
Könüllərlə dalğalan!