Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna dair əlavə saziş müzakirə olunub
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Bildirilib ki, saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb. Sənədin əsas məqsədi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı təşkilati və maliyyə məsələlərini tənzimləməkdir.
Qeyd olunub ki, forumun keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu müəyyən edilib, tədbirin 17–22 may 2026-cı il tarixlərində təşkili planlaşdırılır. Saziş çərçivəsində təhlükəsizlik tədbirləri, iştirakçıların qeydiyyatı, maliyyə öhdəlikləri, əlavə xərclər, bank hesabları və valyuta məsələləri kimi mühüm istiqamətlər tənzimlənir.
Eyni zamanda, tədbir müddətində məkanların təşkili, yerləşdirmə, texniki təminat, telekommunikasiya, sərgi xidmətləri, yerli heyət və digər təşkilati məsələlər də sənəddə öz əksini tapıb. Sazişdə həmçinin fövqəladə hallar, rabitə, qida təminatı və digər vacib məsələlər üzrə müddəalar da nəzərdə tutulur.