Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentino Matviyenko İçərişəhərdə olub. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, qonağı idarənin rəisi Mikayıl Cabbarov qarşılayıb. Qonağın Bakının qədim hissəsi ilə tanışlığı UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıqla davam edib.
Valentina Matviyenko Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib. Gəzinti elektromobillərlə davam edib, qonaq Kiçik Qala küçəsində Azərbaycan milli mətbəxinin nümunəsi olan təndir çörəyinin dadına baxıb. Daha sonra “Şirvanşahlar Sarayı Kompleksi”ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Sonda Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib və İçərişəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.


Modern.az