
Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar müvafiq anma mərasimləri keçirilsin.
Sərəncamda, həmçinin Azərbaycan Prezident Administrasiyasına Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirilməsi tapşırılıb.
Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan eləyiblər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıblar, məbədgah və məscidləri təhqirlərə məruz qoyublar, çox sayda nadir əlyazma nümunələrini məhv ediblər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndəriblər.
Modern.az