Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri asanlaşdırılacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar artıq hazırlanıb və hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib. Yeni qaydalara görə, yalnız öz ölkəsində akkreditə olunmuş xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin respublikamızın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpasına icazə veriləcək. Həmin icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşamasında və səhhətində problem yarandıqda, yaxud həmin müddətdə ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə verilə bilər. Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən istifadəyə verilmiş "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemindəki məlumatlara əsasən, son 20 ildə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 1375 olub.Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.