Modern.az

Azərbaycanda 9 gözdən əlil məzun bu il ali məktəbə qəbul olunub

Azərbaycanda 9 gözdən əlil məzun bu il ali məktəbə qəbul olunub

Təhsil

4 Noyabr 2013, 10:48


2013-cü ildə Bakıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbindən 9 şagird ali məktəbə, 4 şagird isə kollecə qəbul olunub.
Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, hazırda adı çəkilən internatda 260 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi 1936-cı ildən fəailyyət göstərir. Burada təhsil alan 260 gözdən əlildən 70 nəfəri qız, 190 nəfəri isə oğlandır.
Son 3 ildə internat məktəbinə daxil olan şagirdlərin sayı aşağıda kimidir:

2011-2012-ci tədris ili üzrə- 31 nəfər
2012-2013-cü tədris ili üzrə- 22 nəfər
2013-2014-cü tədris ili üzrə- 28 nəfər

“Bildiririk ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat məktəblərində yaşayıb, təlim-tərbiyə alan şagirdlər tam dövlət təminatındadırlar. 15.09.2013-cü il tarixindən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılıb.

Menyülərə xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib. Bundan əlavə, qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilib.

Qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsi beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. İnternat məktəblərin uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili və yemək çeşidlərinin müxtəlifliyi uşaqlara seçim imkanları yaradıb”-deyə Təhsil Nazirliyindən Modern.az-a bildirilib.

Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan gözdən əlil və zəif görən uşaqlar üçün musiqi məktəbi də fəaliyyət göstərir. İnternat məktəbinin 187 nəfər şagirdi üşün tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka sinifləri fəaliyyət göstərir.

Maraqlıdır ki, gözdən əlillər üçün olan internat məktəbini bitirən məzunlar ali və orta ixtisas təhsili müəssisələrinə yüksək nəticələrlə qəbul olublar. Belə ki, 2010-cu ildə 5 nömrəli Respublika xüsusi internat məktəbinin 11 nəfər şagirdi ali məktəbə, 11 nəfər şagirdi isə orta ixtisas təhsil müəssisələrinə qəbul olublar. 2011-ci ildə 11-ci sinfi bitirən məzunlar arasından 7 nəfər şagird ali, 3 nəfər şagird orta ixtisas, 2012-ci ildə 6 nəfər şagird ali, 4 nəfər şagird orta ixtisas və 2013-cü ildə 9 nəfər şagird ali, 4 nəfər şagird isə orta ixtisas məktəbinə qəbul olublar.

Qolbol idman növü üzrə Azərbaycan milli komandasının 7 nəfər üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləridir. Milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak edib. Hazırda milli komanda 2016-cı ilə Braziliya Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün məşq edir.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində mətbəə yaradılıb ki, burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını  tam təmin edir. Eyni zamanda, internat məktəbi Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti ilə  təchiz edilib.

Gülnarə Bünyatova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı