Modern.az

Şirməmməd Hüseynov: “Mən işimi gördüm, növbə nazirliyindir”

Şirməmməd Hüseynov: “Mən işimi gördüm, növbə nazirliyindir”

Təhsil

22 Yanvar 2014, 16:23


“Rəsulzadə barədə hazırladığım 4 cildi bu gün səhər Mədəniyyət və Turizm Nazirliyinə, Vaqif Bəhmənliyə yolladım. Nə vaxt çap edəcəklər, onu özləri bilər”. Bunu Modern.az-a açıqlamasında M.Ə. Rəsulzadə irsinin araşdırmaçısı, tarix elmləri namizədi Şirməmməd Hüseynov bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını açıqlayıb. Planda bir çox məsələlərlə yanaşı, Rəsulzadənin əsərlərinin nəşri də yer alıb.

Ş. Hüseynov artıq öz kitablarını nazirliyə göndərdiyini və növbəti cildlər üzərində çalışdığını vurğulayıb: “Rəsulzadə barədə hazırladığım 4 cild işıq üzü görüb. 1992-ci ildə birinci cild, ikinci cildi 2001-ci ildə, üçüncü 2012-ci ildə, dördüncü cild isə keçən il çıxdı. Mən indi beşinci cildi hazırlayıram. Mədəniyyət və `Turizm Nazirliyi də qərar qəbul edib. Orda nəşriyyat şöbəsi var, Vaqif Bəhmənli, bu gün səhər mən həmin 4 cildi ona yolladım. İndi o cildləri nə vaxt çap edəcəklər, bu artıq onların işidir. Birinci cild kiril əlifbası ilə çıxıb. Onu latına çevirib çap edəcəklər. Beşinci cild iki-üç aya hazır olmalıdır. Sonra altıncı və yeddinci cild də olacaq”.

Araşdırmaçının sözlərinə görə, altıncı cilddə AXC qurucusunun parlamentdəki çıxışları öz əksini tapacaq. “O, iclasların üçdə ikisində çox ətraflı çıxışlar edib. Çünki Müsavat Partiyasının parlamentdə fraksiya başçısı idi. Növbəti cild də onun məktubları və tərcümələrindən ibarət olacaq. Mən onun tərcümələrin də yığmışam. Rəsulzadənin həm farscadan, məsələn, Sədi, Nizami, Füzuli, həm də ruscadan – Tolstoy, Puşkin, Dostoyevski, Maksim Qorki və başqalarından da tərcümələri var. Hətta Cəlil Məmmədquluzadənin də “Tiflisskiy listok” qəzetində rus dilində iki məqaləsi çıxıb ki, Rəsulzadə onları tərcümə edib”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı