Bu gün Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi öz işinə başlayıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə keçirilən, Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi sərginin təntənəli açılış mərasimi olub.
Əvvəlcə sərgi iştirakçıları Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sərgi iştirakçılarını salamlayaraq növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Qorxmaz Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırıb.
Səhmdar Cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verdiyini bildirib: “Ötən il keçirilmiş debüt sərgisi bizim üçün çox əhəmiyyətli olmuşdur. Belə ki, sərgi və konfrans çərçivəsində bəzi şirkət və təşkilatlarla əməkdaşlığa dair ilkin razılıq əldə olunmuş və qısa müddətdə bu istiqamətdə real addımlar atılmışdır. Məsələn, sərgidən bir müddət sonra “Azərsu” ASC ilə İsveçrənin “Sulzer” şirkəti ilə nasos və kompressorların alınmasına dair müqavilə imzaladıq. Müqaviləyə əsasən, həmin şirkətdən yüksək keyfiyyətli nasos və kompressorlar alınaraq Hövsan Aerasiya Stansiyasında quraşdırılmış, bununla yanaşı Kür sutəmizləyici qurğular kompleksi üçün bu şirkətdən yeni avadanlıqların alınması nəzərdə tutulur. Sərgidə iştirak etmiş Danimarkanın “Grundfos” şirkətindən isə “H.Z. Tağıyev adına Su Kəmərləri” idarəsi üçün 2 müasir nasos alınmış və bu sahədə əməkdaşlıq davam etdirilir. Budapeşt Su işlətmələri şirkəti ilə geniş əməkdaşlığımız vardır. Sərgidən qısa müddət sonra mütəxəssislərimiz bu təşkilatın iş təcrübəsini öyrənmək üçün Macarıstana ezam olunmuşlar.”.
“İteca Caspian” şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür.
Sərgidə nümayiş etdirilən məhsul və xidmətlər ziyarətçilərin böyük marağına səbəb olub.
Modern.az